“20 ildir eyni müəssisədə işləyirəm, lakin indi əmək müqaviləmə xitam verilir”.
Bizmesr.media bildirir ki, bu şikayətlə Şirvan Peşə Liseyində 20 ildir istehsalat üzrə menecer vəzifəsində çalışan Nuridə Muradova müraciət edib. 42 yaşlı N.Muradova bildirib ki, o, 2006-cı ildən Şirvan Peşə Liseyində çalışır: “Əvvəllər yarımştat laborant kimi fəaliyyət göstərirdim. Daha sonra liseyin həmin dönəmdə çalışan direktoru bu ixtisasın ixtisar ediləcəyini və məni işdən çıxaracağını demişdi. Lakin o vaxt bu qərara Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi etiraz etdiyi üçün işimdə qalmışdım.
Bir müddət sonra mənə istehsalat üzrə menecer vəzifəsi təklif edildi. Bu vəzifənin gələcək karyeram üçün perspektivli olduğunu dedilər. Həmin vaxt mən də daxil olmaqla, çoxsaylı müəllim, usta, texniki və inzibati işçilər işə qəbul edildi, onların bir qismi ilə müddətli əmək müqaviləsi bağlandı. Ancaq əmək müqaviləmin vaxtı bitməmiş Agentlikdən dedilər ki, istehsalat üzrə menecer vəzifəsi peşə liseyinin fəaliyyətinə uyğun deyil və liseydə istehsalat sahəsi yoxdur”.

Vətəndaş deyir ki, bu qərarın verilməsi üçün əsaslı səbəb yoxdur: “Həmin ixtisas necə ləğv edilə bilər? Liseydə istehsalatla bağlı dərslər keçirilir və tələbələr müxtəlif məhsullar, o cümlədən, gil qabları, bayraqlar və xalatlar hazırlayır. Artıq ayın 15-dən xitam ərizəsi göndərilib. Bu problemlərin həll edilməsini istəyirəm və yeganə gəlir mənbəyimin lisey olduğunu vurğulayaraq xahiş edirəm ki, əmək müqaviləmin müddəti uzadılsın”.
N.Muradova, həmçinin bildirir ki, işlədiyi müddətdə tutulmalardan sonra əməkhaqqı 470 manat olduğu halda kartına daha az məbləğ köçürülüb. Mövzu ilə bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin cavabı olduqca maraqlı və başdansovdu olub. Agentlikdən şablon cavab, şablon münasibət bildirilib.
Əlbətdə belə də olmalıdır. Çünki, Şirvan Peşə Liseyinin yeni təyin olunan direktoru Vasif Eyvazov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının bir başa adamıdır və onu bu posta o gətirib.
Bizimesr.media Vasif Eyvazovun fəaliyyətini və Şirvan Peşə Liseyində uzun müddət çalışan işçiləri hansı səbəbdən işdən uzaqlaşdırdığını araşdırmağa başlayıb.
Qeyd edək ki, Vasif Eyvazov hərbçi olub, daha sonra məhz İlqar Bayramlının dəstəyi ilə iki məktəbə direktor vəzifəsinə irəli çəkilib və daha sonra Şirvan Peşə Liseyinə direktor təyin edilib. İmtahan verməyib və müsahibədən keçməyib.
Bizimesr.media
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az