Tanınmış şair Səxavət Kəlbəcərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rəsmi müraciət ünvanlayıb. Şair müraciətində Ramiz Mehdiyevlə bağlı başlayan hüquqi proseslər fonunda yüksək vəzifəli şəxs Cavid Qurbanovun da fəaliyyətinin və xaricdəki böyük sərvətinin təcili araşdırılmasını tələb edib.
Səxavət Kəlbəcərli dövlətimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfəri və ərazi bütövlüyünün bərpasını yüksək qiymətləndirərək bildirib ki, bu böyük uğurlara kölgə salan, dövlət vəsaitlərini mənimsəyən hər bir şəxs qanun qarşısında cavab verməlidir.
"Ramiz Mehdiyevə tətbiq olunan hüquqi prinsip Cavid Qurbanova da tətbiq edilməlidir!"
Müraciətdə vurğulanır ki, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə cəhdi ilə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları da var. Şair sual edir: Əgər eyni qanunsuzluqlar başqa məmurlar tərəfindən də törədilibsə, niyə onlar kənarda qalmalıdır?
Səxavət Kəlbəcərli uzun illər mühüm dövlət postlarında çalışmış Cavid Qurbanovun fəaliyyətinin hərtərəfli təftiş olunmasını istəyir. Müraciətdə xüsusilə aşağıdakı məqamların araşdırılması xahiş olunur:
Dövlət vəsaitlərinin mənimsənilməsi iddiaları: Cavid Qurbanovun rəhbərlik etdiyi qurumlarda büdcə vəsaitlərindən istifadə qaydaları;
Qanunsuz varlanma: Böyük biznes şəbəkəsinin və nəhəng əmlak sərvətinin hansı mənbələr hesabına formalaşması;
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) mülklər: Xarici ölkələrdə, xüsusən Dubayda olduğu iddia edilən dəbdəbəli əmlakların rəsmi gəlirlərlə uyğunluq təşkil edib-etməməsi.
"Tələbim obyektivlik və şəffaflıqdır"
Şair bildirib ki, heç kimi məhkəmə hökmü olmadan təqsirli elan etmək niyyətində deyil. Lakin qanun qarşısında hamı bərabər olmalıdır:
"Tələbim yalnız budur ki, yüksək vəzifələrdə çalışmış şəxslərin fəaliyyəti və sərvətlərinin mənşəyi qanun qarşısında obyektiv, şəffaf və eyni prinsiplər əsasında araşdırılsın. Cavid Qurbanov barəsində də dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları təsdiqlənərsə, cinayət işi başlanılmalı və hüquqi qiymət verilməlidir."
Müraciətin rəsmi strukturlar tərəfindən necə cavablandırılacağı və Cavid Qurbanovun fəaliyyəti ilə bağlı yeni hüquqi addımların atılıb-atılmayacağı ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini denləməyə hazırıq.
Gundemxeber.org