Müasir dövrdə mobil telefon və aksesuarların kreditlə satışı geniş yayılsa da, bu sahədə istehlakçıların aldadılması, üzərlərinə xəbərsiz öhdəliklərin qoyulması və hüquqlarının kobud şəkildə pozulması halları səngimək bilmir.
Redaksiyamıza müraciət edən Abşeron rayonu, Xırdalan şəhər sakini Bəşirova Aysel Bəybala qızı “Mobifon” MMC tərəfindən üzləşdiyi ciddi haqsızlıqlar və təzyiqlərlə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) şikayət ərizəsi ünvanlayıb.
İddiaya görə, Aysel Bəşirova 2026-cı ilin aprel ayından etibarən “Mobifon” MMC-nin müştərisidir və əvvəllər aldığı "iPhone 16 Pro Max" model telefonun kredit ödənişlərini vaxtlı-vaxtında həyata keçirib. Problem isə cari ilin sentyabr ayının 16-da, vətəndaşın yaxını ilə birgə şirkətin “28 May” filialına müraciət etməsi ilə başlayıb.
Yaxını üçün ikinci əl "iPhone 14 Pro Max" telefonunu kreditlə rəsmiləşdirən zaman satıcılar vətəndaşa psixoloji təsir göstərərək, sənədləri ətraflı oxumağa imkan vermədən tez bir zamanda imzalatdırıblar. Ən böyük aldatma isə aksesuar təqdimatı zamanı baş verib. Satıcılar vətəndaşın istəmədiyi halda "AirPods 4" qulaqlığını gətirərək bunun telefonun yanında “hədiyyə” olduğunu bildiriblər. Lakin vətəndaş evə qayıtdıqda sənədlərə diqqət yetirib və məlum olub ki, həmin "hədiyyə" qulaqlıq üçün onun adına 675 manat dəyərində ayrıca kredit müqaviləsi və ödəniş qrafiki tərtib edilib.
Bundan başqa, müştərinin iradəsinin əleyhinə olaraq telefon başlığı, qoruyucu şüşə və digər aksesuarlar məcburi şəkildə paketə əlavə edilib, göstərilməyən “proqram təminatı” xidmətinə görə əlavə 30 manat yazılıb və ən əsası, satılan mallara heç bir rəsmi zəmanət talonu verilməyib. Müqavilə bağlandıqdan dərhal sonra satıcılar həmin gün 120 manat ilkin ödəniş edilməsini tələb ediblər. Vətəndaş əvvəlcədən gəlir imkanlarının məhdud olduğunu və həmin gün ödəniş edə bilməyəcəyini vurğulasa da, bu diqqətə alınmayıb. Növbəti günlərdə isə şirkətin məsul şəxsləri tərəfindən vətəndaşa qarşı görünməmiş təzyiq mexanizmi işə salınıb.
120 manatlıq ödənişin gecikməsi bəhanə edilərək müştərinin adına olan, ödənişlərində heç bir problem yaşanmayan əvvəlki "iPhone 16 Pro Max" və yeni alınan telefon məsafədən bloklanıb. Qurğularda "oğurluq siqnalı" aktivləşdirilib və ödəniş edilməyəcəyi təqdirdə telefonlardakı şəxsi məlumatların 1 saat ərzində tamamilə silinəcəyi hədəsi gəlib. Məcburiyyət qarşısında qalan vətəndaş başqa bir yerdən kredit götürərək 129 AZN ödəniş etmək məcburiyyətində qalıb.
Şikayət ərizəsindən aydın olur ki, “Mobifon” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun bir neçə maddəsini kobud şəkildə pozub. İlk növbədə istehlakçının məlumat almaq hüququ tapdalanıb; qiymət, əlavə faizlər, rüsumlar və şərtlər barədə əvvəlcədən tam və dürüst məlumat verilməyib. Eyni zamanda, əlavə aksesuarlar və icra olunmayan xidmətlər vətəndaşa məcburi şəkildə qəbul etdirilib. Satış zamanı mövcud qanunvericiliyə zidd olaraq “malı heç bir halda geri qaytara bilməzsiniz” məzmunlu akt imzalatdırılıb və satılan mallara zəmanət talonu təqdim edilməyib. Ən əsası isə bir öhdəliyin gecikməsinə görə tamamilə ayrı müqaviləyə aid olan və vaxtında ödənilən digər əmlakın (telefonun) bloklanması və məlumatların silinməsi ilə hədələnməsi tamamilə hüquqi əsassızlıqdır.
Vətəndaşın tələbi nədir?
Aysel Bəşirova AİİB sədri Eyyub Hüseynovdan və aidiyyəti dövlət qurumlarından məsələyə müdaxilə etmələrini xahiş edir. Vətəndaş "hədiyyə" adı ilə aldadılaraq rəsmiləşdirilən "AirPods 4" qulaqlığının kredit müqaviləsindən çıxarılmasını və geri alınmasını tələb edir. Bundan başqa, qanunsuz tərtib edilmiş “malı geri qaytarmamaq barədə” aktın ləğv olunması, satılmış mallara dair rəsmi zəmanət talonlarının verilməsi və icra olunmayan 30 manatlıq “proqram təminatı” haqqının ləğvi istənilir. Vətəndaş həmçinin, əhalinin oxşar aldatma halları ilə qarşılaşmaması üçün satış şəbəkəsi barədə aidiyyəti dövlət orqanları tərəfindən hüquqi tədbirlərin görülməsini xahiş edir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Musavat.com