"Azərbaycan Dəmir Yollarında bəzi kadr qərarları və mükafatlandırmalar zaman-zaman kollektiv və ictimaiyyət arasında suallar doğurur. Hazırda belə sualların mərkəzində 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsinin keçmiş rəisi, hazırda isə Biləcəri sahəsinin rəisi vəzifəsində çalışan Elxan İsmayılovun adı hallanır..." Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Açıq mənbələrdə 2024–2025-ci illərdə Elxan İsmayılovun rəhbərlik etdiyi sahədə işçilərin işdən çıxarılması, əmək münasibətləri, kadr qərarları və idarəçiliklə bağlı müxtəlif ciddi iddialar dərc olunub. Bəzi materiallarda onun xidmət rəisi Qəzənfər Abduləzimovla yaxın münasibətdə olduğu da bildirilir.
Məlumata görə, Elxan İsmayılov kollektiv arasında “Fəxri dəmiryolçu” fəxri adına təqdim olunacağı barədə məlumat yayıb.

Əgər bu məlumat doğrudursa, ortaya kifayət qədər ciddi suallar çıxır. çünki məsələ artıq təkcə bir şəxsin mükafatlandırılması məsələsi deyil. Söhbət mükafatlandırma meyarlarının şəffaflığından gedir.
Əvvəlki fəaliyyəti niyə araşdırılmır?
Elxan İsmayılovun 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsinə rəhbərlik etdiyi dövrdə onun idarəçiliyi ilə bağlı müxtəlif narazılıqların və şikayətlərin olduğu barədə məlumatlar yayılıb.Mətbuatda həmin sahədə kadr dəyişiklikləri, işçilərlə münasibətlər və rəhbərliyin fəaliyyəti ilə bağlı müxtəlif tənqidi materiallar dərc olunub. Belə olan halda sual yaranır:
“Fəxri dəmiryolçu” adına təqdimat zamanı həmin şikayətlər və rəhbərlik dövründə baş vermiş mübahisələr araşdırılıbmı?
Zarat stansiyasındakı hadisə
Zarat stansiyasında baş vermiş qatar qəzası ilə bağlı Elxan İsmayılovun məsuliyyət daşıması nəzər alınıbmı? O zaman həmin şəxsin sonrakı karyera yüksəlişinin hansı meyarlarla həyata keçirildiyi sualı ortaya çıxır. Çünki dəmir yolunda işarəvermə və rabitə sistemi sadəcə inzibati sahə deyil. Burada qəbul edilən qərarlar hərəkətin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir. Ona görə də rəhbər vəzifələrə təyinat zamanı yalnız kadr münasibətləri deyil, peşəkar məsuliyyət və əvvəlki fəaliyyət də nəzərə alınmalıdır.
Tağıyev sahəsindən Biləcəriyə keçid
Daha bir diqqətçəkən məqam onun 1 nömrəli H.Z. Tağıyev işarəvermə və rabitə sahəsindəki vəzifəsindən sonra Biləcəri stansiyasına rəhbər vəzifəyə gətirilməsi ilə bağlıdır.
Elxan İsmayılovun başqa rəhbər vəzifəyə keçirilməsindən sonra bütün problemlərin geridə qaldığını düşünmək olardı. Lakin hazırda onun rəhbərlik etdiyi Biləcəri sahəsində də işçilərin narazılıqları və müxtəlif dövlət qurumlarına müraciətlər etdiyi barədə məlumatlar var. Əgər bir rəhbərin əvvəlki fəaliyyət göstərdiyi sahədə onun idarəçiliyi ilə bağlı ardıcıl şikayətlər mövcuddursa və həmin şəxs işdən uzaqlaşdırılmaq əvəzinə başqa mühüm rəhbər vəzifəyə keçirilirsə, daha sonra isə yeni iş yerində də əməkdaşların narazılığı və dövlət qurumlarına müraciətləri yaranırsa, artıq kadr siyasəti ilə bağlı ciddi suallar meydana çıxır.
İndi əsas məsələ “Fəxri dəmiryolçu” adıdır
Əgər Elxan İsmayılov həqiqətən “Fəxri dəmiryolçu” adına təqdim olunubsa, ADY rəhbərliyindən aşağıdakı suallara cavab gözləmək təbiidir:
Namizədin əvvəlki fəaliyyəti və onunla bağlı daxil olmuş şikayətlər araşdırılıbmı?
Zarat stansiyasındakı hadisə nəzərə alınıbmı?
İşçilərin onun fəaliyyəti ilə bağlı şikayətləri mükafatlandırma komissiyasına təqdim edilibmi?
Əgər təqdim edilibsə, komissiyanın həmin şikayətlərə münasibəti necə olub?
Və ən əsası:
Fəxri ad şəxsi münasibətlərə görə deyil, real xidmətlərə və peşəkar fəaliyyətə görə verilirsə, Elxan İsmayılovun hansı konkret xidmətləri bu ada layiq görülüb?
Dəmir yolunda fəxri adın çəkisi böyükdür. Bu ad illərlə vicdanla çalışan, təhlükəsizliyə töhfə verən və kollektivin etimadını qazanan insanların əməyini qiymətləndirməlidir.
Şikayətlər, hüquqi məsuliyyət məsələləri və fəaliyyətlə bağlı bu qədər sualın fonunda Elxan İsmayılov hansı konkret xidmətinə görə “Fəxri dəmiryolçu” adına layiq görülür?
Çünki burada söhbət yalnız bir şəxsdən yox, “Fəxri dəmiryolçu” adının öz nüfuzundan gedir..."
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az