Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.
Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Milli bu rəqibi keçəcəyi təqdirdə, növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq.
Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.
Milli Gimnastika Arenasında baş tutacaq səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulacaq.
Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub.
Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.