TƏBİB-lə Səhiyyə Nazirliyinin birləşdirilərək vahid qurum altında fəaliyyət göstərməsi və Anar Bayramovun səhiyyə naziri vəzifəsinə gətirilməsi səhiyyə sistemində genişmiqyaslı kadr dəyişikliklərini qaçılmaz edir.
Anar Bayramovun kadr siyasətinin hansı istiqamətdə olacağı onun TƏBİB-ə rəhbər təyin edildiyi ilk günlərdə artıq bəlli olmuşdu.
Belə ki, qısa müddət ərzində onlarla xəstəxananın baş həkimi vəzifəsindən uzaqlaşdırılmışdı. İndi isə onun səhiyyə naziri postuna gətirilməsindən sonra nazirliyin tabeliyindəki institutlarda və diğər qurumlarda da rəhbər dəyişiklikləri prosesinin başlandığı bildirilir. Artıq məlumata görə, Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.
Bizimesr.info-nun əldə etdiyi məlumata görə, yaxın günlərdə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova da vəzifəsindən uzaqlaşdırıla bilər.
Bildirilir ki, dəyişiklik təkcə direktorla məhdudlaşmayacaq, onun müavinlərinin və uzun müddət birlikdə çalışdığı komanda üzvlərinin də vəzifələrindən kənarlaşdırılması gözlənilir.
Qeyd edək ki, uzun illərdir bu vəzifədə çalışan Gülnaz Dadaşovanın fəaliyyəti ilə bağlı müxtəlif neqativ məlumatlar ölkə mətbuatının gündəminə gəlib. Sonuncu belə hadisə institutda xəstələrin etirazı ilə müşayiət olunub. Xəstələr onlara verilən qidaların keyfiyyətindən və xəstələr üçün ayrılan ərzaqların mənimsənilməsi ehtimalından narazılıqlarını bildiriblər.
Bütün bunlar ölkənin ən böyük ixtisaslaşmış tibb müəssisələrindən biri olan Elmi-Tədqiqat Kardiologiya İnstitutunda illərdir davam edən problemlərin aradan qaldırılması və vəziyyətin nizama salınması üçün yeni imkanlar yarada bilər. Bu baxımdan direktor dəyişikliyi də gözlənilən addımlardan biri kimi qiymətləndirilir.
İnstitut daxilindən Bizimesr.info-ya verilən məlumata görə, son günlər Gülnaz Dadaşovanın tapşırığı ilə sənədlərə yenidən baxılması və müəyyən yoxlama-səliqələmə prosesinin aparılması diqqət çəkir. Bu prosesin başlanması direktorun öz vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatların ona da çatdığı ehtimalını gücləndirir.
Görünən odur ki, Anar Bayramovun rəhbərliyi altında səhiyyə sistemində kadr dəyişikliklərinin növbəti mərhələsi artıq institutları əhatə edir.
Bizimesr.info