Xaçmazda 17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində baş verən qanunsuzluq və özbaşınalıq iddialarının rezonansı günü-gündən artır. Baş verən hadisələr fonunda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati sektorunun müdiri, eyni zamanda sertifikasiyada imtahan rəhbəri olan Fikrət Heybətov və bu işdə əlaqəli fəaliyyətdə olduğu iddia edilən bir neçə nəfər işdən azad edilsə də, narazılıq dalğası hələ də səngiməyib.
“7Times.az”-ın əldə etdiyi məlumata görə, hazırda bu məsələ Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsi tərəfindən araşdırılır.
Artıq müxtəlif faktlarla əlaqədar olaraq bir neçə şəxsin izahatının alındığı bildirilir.
Bu barədə “7Times.az” olaraq 30 iyun tarixində təqdim etdiyimiz ilk video reportajdan sonra, məsələdə adı hallanan Quba rayonunun Zizik kənd tam orta məktəbinin laborantı Ayna Həmidova, həmin məktəbin yeni təyin edilmiş direktoru Vəfa Paşayeva, həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə sektorunun sürücüsü Sahil Qocayev idarə müdiri Coşqun Əliyev tərəfindən işdən azad edilib. Ondan bir neçə gün sonra isə idarənin inzibati sektorunun müdiri və imtahan rəhbəri Fikrət Heybətov da vəzifəsindən kənarlaşdırılıb.
Araşdırmalarımız nəticəsində onlarla şəxsin bu imtahanlarda nəticələrinin öncədən razılaşdırılmış formada saxtalaşdırıldığı iddia olunur.
Belə şəxslərdən birinin də Quba rayonu Aşağı Xuc məktəbinin fiziki tərbiyə müəllimi Yunis Oruc oğlu Vəliyev olduğu bildirilir. O, imtahandan 42 bal toplayıb. İddialara əsasən, bu nəticə 5800 manat vəsait qarşılığında öncədən razılaşdırılıb və imtahan zamanı sualların bəzilərinin düzgün cavabları nəzarətçilər vasitəsilə ona ötürülüb. Faktla əlaqədar olaraq Yunis Vəliyev ilə əlaqə saxlayıb münasibətini öyrəndik. O, “7Times.az”-a açıqlamasında iddiaların əsassız olduğunu və hətta bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə izahat verdiyini bildirdi.
Qeyd edək ki, Yunis Vəliyev hazırda həmin məktəbin direktor səlahiyyətlərini icra edir.