Qazi Sənan Zeynalov sosial şəbəkə hesabında paylaşdığı video müraciətlə üzləşdiyi problemlə bağlı aidiyyəti qurumlara səslənib. O bildirib ki, 2020-ci ildə Vətən müharibəsinə könüllü olaraq qatılıb. Müharibədən sonra isə işlə təmin olunmaq üçün müxtəlif dövlət qurumlarının qapısını döydüyünü deyən Zeynalovun sözlərinə görə, ötən 5 il ərzində müraciət etdiyi qurumların heç birindən konkret nəticə əldə edə bilməyib. Qazi qeyd edir ki, hər dəfə ona eyni cavab verilib: “Xəbər edəcəyik”. Lakin onun sözlərinə görə, illər keçsə də, həmin “xəbər”dən hələ də əsər-əlamət yoxdur. Sənan Zeynalov müxtəlif tədbirlərdə iştirak etdiyini, fəxri diplomlarla təltif olunduğunu və hazırda İdman Akademiyasında ikinci ali təhsil aldığını da bildirib. Vətən müharibəsi iştirakçısı müraciətində həm ictimaiyyətə, həm də aidiyyatı dövlət qurumlarına səslənərək səsinin eşidilməsini istəyib. O, işlə təmin olunması üçün ona dəstək göstərilməsini və probleminin həllinə köməklik edilməsini xahiş edib.
Kanal13 GLOBAL