Sizin reklam burada 728×90
Son dəqiqə

Zəfərdən sonra Azərbaycanla Türkiyə əlaqələri - yeni dövrə töhfə verən müttəfiqlik

25.11.2026 17:49 86 1 dəq oxunur
Zəfərdən sonra Azərbaycanla Türkiyə əlaqələri - yeni dövrə töhfə verən müttəfiqlik
Zəfərdən sonra Azərbaycanla Türkiyə arasında əlaqələr güclənib, tərəflər arasında əməkdaşlığın coğrafiyası genişlənib. Yeni dövr yeni əməkdaşlıq sahələr yaranıb.

Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinə ünvanlandığı müraciətdə deyilir.

Regionun yeni nəqliyyat, enerji və bağlantı xəritəsi dedikdə ilk növbədə Azərbaycan və Türkiyənin bu istiqamətdə layihələrinə Mərkəzi Asiya ölkələrinin də qoşmasını nəzərdə tutmaq lazımdır. Tərəflər elektrik enerjisi yönümlü layihələri gücləndirir. Buna örnək olaraq, Orta Asiya və Xəzər bölgəsində hasil edilən və bərpa olunan enerjinin Türkiyə və Qara dəniz üzərindən Avropaya elektrik enerjisi kimi çatdırılmasını göstərmək olar.


2026-ciı il sentyabrın 11-də Bakıda keçirilən Türkiyə-Azərbaycan 5-ci Enerji Forumu da bu istiqamətdə əməkdaşlığın yeni istiqamətini müəyyənləşdirir. Çünki hadisələr "yaşıl enerji" dövrünün gec-tez klassik enerji daşıyıcılarını əvəzləyəcəyini istisna etmir. Odur ki, rəsmi Ankara və Bakı arasında yeni perspektivli layihələr üzərində də işləyirlər.

Bunlardan biri Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan üzərindən Avropaya çatan yeni bir enerji kabelinin çəkilməsidir.

Bunu "yaşıl enerji koridoru" adlandırırlar. Layihə başda Azərbaycan və Mərkəzi Asiya ölkələri olmaqla Xəzər hövzəsində küləkdən və günəşdən əldə ediləcək elektrik enerjisinin kabellər vasitəsilə Avropaya çatdırılmasını hədəfləyir.

Azərbaycanın Qazaxıstan və Özbəkistan ilə son dövrdə imzaladığı müqavilələr sayəsində bölgənin alternativ enerji mənbələri ilə istehsal olunan elektrikin ixrac edilməsi gələcəkdə üstün rol oynaya bilər.

Yeri gəlmişkən, Türkiyənin Antalya şəhərində keçirilən COP31 sammitində "yaşıl enerjiyə" keçid məsələsinin vacibliyi də vurğulanıb.

Azərbaycan və Türkiyənin müdafiə sənayesi sahəsində də əməkdaşlığı örnək sayılır. İki ölkə arasında 500 milyon dolları aşan müdafiə müqaviləsinin imzalanması bunu təsdiqləyir. Türkiyənin "AAELSAN" müdafiə sənayesi şirkətinin Naxçıvanda zavod tikməyi planlaşdırdığı da əməkdaşlığın nümunələrindəndir.

Ankara ilə Bakının müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı təkcə silah, hərbi avadanlıq ticarəti ilə yekunlaşmır. Bu istiqamətdə əlaqələr ikinci Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlikdə balansı yenidən müəyyən edir.

Azərbaycanın Qarabağdakı uğuru Mərkəzi Asiyanın türk respublikalarına təsirli ismarış da sayıla bilər. Odur ki, iki ölkənin müdafiə məsələləri üzrə ortaqlığı onlar arasında hərbi koordinasiya ilə məhdudlaşmadığını da isbatlayır. Belə əməkdaşlıq isə Türk dünyasında geniş və strateji bir mənzərə yaradır.

Zəfərdən sonra Azərbaycan və Türkiyənin aparıcılığı ilə Türk Dövlətləri Təşkilatında müdafiə ortaqlığının siyasi əsasları da müəyyənləşib. Ortaq hərbi təlimlər, böhranın idarəetmə mexanizmlərinin yaradılması və müdafiə sənayesi əməkdaşlığına yönəlik niyyət bəyannamələri bu istiqamətdə atılmış addımlardandır.


Bakı-Ankaranın müdafiə məsələləri üzrə ortaqlığı Mərkəzi Asiya ilə Orta Dəhliz üzərindən iqtisadi əlaqələrinin də strateji inkişafına təkan verir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir.

Azərbaycan liderinin müraciətindən də göründüyü kimi, iki ölkə arasında yeni ideyaların reallaşması dövrü başlayır.


Bakı-Ankara əlaqələri Zəfərdən öncə və sonra maneələri aşaraq reallığı beynəlxalq ictimaiyyətə çatdıra bilib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da İğdır Konrqesinə ismarışında Azərbaycanın dövlət başçısı ilə birlikdə "bir millət, iki dövlət" şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqliyə daşıdıqlarını vurğulayıb: "Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də iftixarıdır. Qarabağın qələbə sevincini necə birlikdə yaşadıqsa, Qafqazın sülhü və rifahı üçün də eyni qətiyyətlə çalışacağıq".

Rəcəb Tayyib Ərdoğan Zəngəzur yolunun açılması Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturu güclənəcəyini vurğulayıb: "Türkiyə ilə Türk dünyası arasındakı bağlantı yeni bir imkana qovuşacaqdır. İpək Yolu marşrutlarında canlanacaq ticarətin, artacaq əməkdaşlığın və möhkəmlənəcək insani bağların bütün bölgəyə fayda verəcəyinə inanırıq".

Zəfərdən sonra Azərbaycanla Türkiyənin həmmüəllifi olduqları layihələrdən biri də Zəngəzur yoludur (TRIPP). Bu Türk dünyası ilə yanaşı, Avrasiya materikini bütövləşdirən yoldur.

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP marşrutunun 42 km-lik hissində hazırlıq tikinti işlərə başlamaqla bağlı sənədi təsdiqləyib. Rəsmi İrəvanın məlumatına görə, Ermənistan hissəsində dəmir yolu xəttinin birbaşa tikintisinin 2027-ci ildə başlaması planlaşdırılır.

Məlumata görə, Azərbaycan ərazisindəki avtomobil və dəmir yolları tikintisinin 70-80% tamamlanıb. Onların Ermənistan sərhədinə çıxışı 2027-ci ilin əvvəlində gözlənilir.


Yolun Türkiyə hissəsi 224 km-dir. Hazırda Qars-İğdır-Dilucu istiqamətində ikixətli elektrikləşdirilmiş dəmir yolu layihələndirilir və tikilir. Bütün marşrutun dörd ilə tamamlanacağı bildirilib.

Zəfərdən sonra reallaşmağa başlayan bir sıra layihələr, o cümlədən Zəngəzur yolu Azərbaycanla Türkiyə əməkdaşlığının coğrafiyasının genişləndiyinə nümunədir. Bakı-Ankara əlaqələri Cənubi Qafqaz, Mərkəzi Aşıya, Avropanı bir-biri ilə birləşdirir, onları yaxınlaşdırır.

Bu əlaqələrin, strateji müttəfiqliyin regional və qlobal əhəmiyyətinə dair daha bir örnəkdir. Ona görə də Azərbaycan-Türkiyə müttəfiqliyini regionlararası sülh, əməkdaşlıq elçisi də saymaq olar. Azərbaycanın Zəfəri tarixi İpək yolunu da bərpa edir. Bu, sülh, əməkdaşlıq, ticarət, təhlükəsizliyin təmin edilməsi yoludur. Odur ki, Azərbaycan və Türkiyə yeni dövr əməkdaşlığı ilə yüz illə mövcud olmuş ticarət yolu şəbəkəsinin mühüm bir hissəsini bərpa edir.(Report
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az