Sizin reklam burada 728×90
Son dəqiqə

Mərkəzi Elmi Kitabxanada hazırlanan müasir kitabxanaçıların peşə, bilik və bacarıqlarına yönəlmiş metodik vəsait işıq üzü görüb

25.11.2026 00:28 86 1 dəq oxunur
Mərkəzi Elmi Kitabxanada hazırlanan müasir kitabxanaçıların peşə, bilik və bacarıqlarına yönəlmiş metodik vəsait işıq üzü görüb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın müəllifi olduğu “Müasir kitabxanaçı: peşə, bilik və bacarıqlar (yeni başlayanlar üçün)” metodik vəsait işıq üzü görüb.

Təqdim olunan vəsait müasir dövrdə kitabxanaçılıq peşəsinin informasiya cəmiyyətində dəyişən rolunu və yeni çağırışları əks etdirir və kitabxanaçıların gündəlik fəaliyyətində zəruri olan bilik və bacarıqların formalaşdırılmasına istiqamətlənib. Burada ənənəvi kitabxana fəaliyyəti ilə yanaşı, rəqəmsallaşma, elektron kitabxanalar və innovativ xidmət formaları geniş şəkildə təqdim olunub.

Vəsait kitabxana-informasiya sahəsində çalışan mütəxəssislər, ixtisasartırma kurslarının iştirakçıları və yeni başlayan kitabxanaçıların istifadəsi üçün nəzərdə tutulub.

Kitabın elmi məsləhətçisi MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, elmi redaktoru BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Bayramov, redaktoru isə MEK-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır.

Kitab Giriş, “Müasir kitabxanaçının kommunikasiya bacarıqları və yeni dövrün tələbləri”, “Müasir kitabxanalarda xidmət növləri və onların strukturu”, “Rəqəmsal, elektron və innovativ xidmətlər”, “Kitabxanalarda kataloq və kartoteka sistemi”, “Kitabxana fondlarının təşkili və mühafizəsi qaydaları”, “İnnovativ kitabxana layihələri və menecmenti. Tədbirlərin təşkili və inkişaf strategiyaları” adlı bölmələrdən ibarətdir.
Burada müasir kitabxanaçının peşəkar profili, rəqəmsal kommunikasiya və sosial media, kitabxanada oxucu mərkəzli xidmətin təşkili, kitabxanalararası abonement, biblioqrafik xidmətlər və vəsaitlər, ənənəvi metodlardan rəqəmsal və innovativ modelə keçid, elektron kataloq, smart kitabxana anlayışı, kataloqların növləri və formaları, kitabların biblioqrafik təsvir qaydaları, Universal Onluq Təsnifatı, kitabxana fondlarının növləri, düzlüşü, uçotu və inventarizasiyası, mühafizəsi, eləcə də innovativ kitabxana layihələri, kütləvi tədbirlərin təşkili və təbliğat növləri və digər mühüm anlayışlar haqqında ətraflı məlumat verilir.

Müasir kitabxanaçının yeni kompetensiyalarını formalaşdırmaqla yanaşı, innovativ iş üsullarını mənimsəməyə və kitabxana fəaliyyətini müasir standartlar səviyyəsində təşkil etməyə xidmət edən metodik vəsaitin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitablar” bölməsində tanış olmaq mümkündür.

İctimaiyyətlə əlaqələr şöbəsi
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az