Sizin reklam burada 728×90
Son dəqiqə

"Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər" - İş adamından şikayət

24.11.2026 15:24 48 1 dəq oxunur
"Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər" - İş adamından şikayət
“Sədərək Ticarət Mərkəzi”ndə mətbəx avadanlıqlarının alqı-satqısı ilə məşğul olan iş adamı Cahangirov Ramil Həzər oğlu dələduzluqla üzləşdiyini iddia edir.

Bu barədə Bizim.Media-ya müraciət edən sahibkar qeyd edib ki, Bakı şəhəri Nərimanov rayonunda yaşayan Əliyev Şahin Hüseyn oğlu, Əliyev Sərxan Şahin oğlu və Qaralov Fariz Ümid oğlu tərəfindən edilmiş dələduzluq, saxtakarlıq və korrupsiya əməlləri nəticəsində həm ona, həm də dövlətə külli miqdarda zərər vurulub:

“Bir müddət əvvəl ortaq tanışlarımız vasitəsi ilə Əliyev Şahin Hüseyn oğlu ilə tanış oldum. Şahin Əliyev mənim uzun illərdir ki, Çindən elektrik malları sifariş edib gətirdiyimi, daha sərfəli və keyfiyyətli malları ala bilmək üçün əlaqələrim olduğunu bildikdə özünün təsisçisi olduğu “Sigma AS Trade” MMC şirkətinin direktoru vəzifəsinə təyin olunmağımı və bu şirkətin adından mallar sifariş verib gətirtməyi, gələcəkdə əldə ediləcək qazancdan da müəyyən hissə əldə etməyi təklif etdi.

Biz müəyyən şərtlər daxilində razılaşdıq və 26.12.2025-ci il tarixdə Şahin Əliyev məni rəsmi olaraq həmin şirkətin direktoru vəzifəsinə təyin edərək barəmdə olan məlumatları ƏƏSMN-in elektron məlumat sisteminə daxil etdi. Bundan sonra Şahin Əliyev və məndən öncə direktor işləmiş Qaralov Fariz Ümid oğlunun təklifi etdiyi siyahı ilə Çindən elektrikli çaydanların ehtiyat hissələrini sifariş edilməsi üçün mən Çin şirkətləri ilə əlaqə yaratdım. Razılaşmalar nəticəsində iki konteyner elektrikli çaydanların ehtiyat hissələri invoyslar şirkət direktoru kimi mənim, yəni Ramil Cahangirovun adından tərtib edilərək sifariş edildi. 2026-cı ilin fevral ayının sonlarında mallar İran İR-ə çatanda mən bu adamların əsl üzünü və necə bir cinayət etmək istədiklərini başa düşdüm.

Şahin Əliyev, onun əvvəllər vergi orqanlarında çalışmış oğlu Sərxan Əliyev və Fariz Qaralov İran ərazisində konteynerlərin qeydiyyat nişanlarını dəyişmək, malların həqiqi dəyərini daha aşağı göstərmək, bununla da dövlət sərhədindən mal keçirilən zaman daha az dövlət rüsumu ödəməklə daha çox qazanc əldə edə biləcəyimizi deyərək, şirkətin direktoru olaraq mənim adımdan saxta sənədlərin tərtib edilməsini təklif etdilər. Mən onlara bunun cinayət olduğunu, həmçinin Azərbaycan gömrük orqanlarında bunun aşkar olunacağı təqdirdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilə biləcəyimizi dedim və onları bu əməlləri törətməkdən çəkindirməyə çalışdım. Lakin Şahin, oğlu Sərxan və Fariz mənə bu cinayətlərə Azərbaycanın gömrük orqanlarında göz yumacaq tanışları olduğunu deyərək məni razı salmağa çalışdılar. Mən bu qanunsuzluğa getməyəcəyimi bildirərək, Şahin Əliyevdən işdən azad olunmağımı xahiş edib bununla bağlı ona ərizə təqdim etdim və 23.02.2026-cı il tarixdə “Sigma AS Trade” MMC-nin direktoru vəzifəsindən azad edildim”.

“Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfədən çox azaldıblar”

Ramil Cahangirov həmçinin qeyd edib ki, Çindən bir konteynerdə (Konteyner nömrəsi LANU 5237750) 104.500 manat (61.470 ABŞ dolları) dəyərində, ikinci konteynerdə (konteyner nömrəsi “MISU 513746”) isə və 35.100 manat (20.647 ABŞ dolları) dəyərində mal sifariş edilib:

“Məlum oldu ki, mən işdən azad olunandan cəmi 2 gün sonra, yəni 25.02.2026-cı il tarixdə, sifariş edilən mallar beynəlxalq yük daşıma qaydalarına görə sifariş edildiyi məntəqəyə çatana və gömrük rəsmiləşdirilməsi aparılıb başa çatana kimi dəyişdirilməsinə icazə verilməyən qeydiyyat nişanlı konteynerlərlə İrana daxil olsa da (məndə bunu təsdiq edən rəsmi möhürlü sənədlər mövcuddur), Şahin Əliyev, Sərxan Əliyev və Fariz Qaralovun təşkilatçılığı və mənə məlum olmayan üsullarla rəsmi sənədlər saxtalaşdırılıb, Çin şirkətinin adından saxta möhürlü invoyslar tərtib edilib, sifariş edilmiş malların dəyəri iki dəfədən də çox azaldılaraq, yəni müvafiq olaraq 104.500 manatlıq mal 51.510 manat (30.300 ABŞ dolları), 35.100 manatlıq mal isə 17.442 manat (10.260 ABŞ dolları) dəyərində göstərilməklə yanaşı qeydiyyat nişanları da müvafiq olaraq 90 AI 853 (90 AI 854) və 53 AA 677 (53 AA 678) kimi qeyd edilib.

Bundan sonra, Şahin Əliyev saxtalaşdırılmış rəqəmlərə uyğun məbləği şifarişi verdiyimiz Çin şirkətlərinin hesabına köçürüb. Nəticədə Çin şirkətləri hazırda məndən malların real dəyərlərinə uyğun olaraq 70.648 manat (41.557 ABŞ dolları) pul tələb edir. Həmçinin mənim şəxsi vəsaitim hesabına iki konteynerin daşınması məqsədi ilə ödədiyim 18.700 manat, Çin dilində olan müqavilələrin tərcümələri üçün ödənən 4.832 manat, yüklərin daşınarkən yaranan əlavə 1.385 manat karqo xərci olmaqla, cəmi 95.565 manat maddi ziyanım yaranmışdır. Həmin ziyanın 70.648 manat hissəsini hazırda Çin şirkətləri məndən ödənilməsini tələb etməklə yanaşı barəmdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirirlər”.

“Həm dövlətimizə, həm də mənim şəxsimə vurulan zərər ödənilsin”

Sahibkar göstərilən qaçaqmalçılıq cinayət əməllərinin Azərbaycan Respublikasının Gömrük orqanlarında işləyən vəzifəli şəxslərin məlumatı və hansısa maraq naminə törədilən əməllərə “göz yumması” halı olmadan törədilməsini mümkün hesab etmədiyini vurğulayıb:

“Buna əminliyim həm də ona görədir ki, yuxarıda da qeyd etdiyim kimi, Şahin Əliyev və oğlu Sərxan Əliyev gömrükdə adamının olduğunu müxtəlif məclislərdə dəfələrlə deyib. Müvafiq dövlət qurumlarının edəcəyi araşdırmalar üçün əlimdən gələn bütün köməkliyi etməyə, məndə olan bütün sənədləri və Çin şirkətləri ilə olan yazışmalarının surətini təqdim etməyə hazıram. Mənim istəyim və tələbim odur ki, həm dövlətimizə, həm də mənim şəxsimə vurulan zərər ödənilsin və bu insanlara başa salınsın ki, özlərinin “yuxarılardakı” havadarlarına arxayın olub dövlətə və vətəndaşa qarşı dələduzluq etmək, cinayət törətmək mümkün deyil. Qoy bu fikirdə olan başqaları da bu hadisədən dərs götürsün.

Bu məsələ ilə bağlı müvafiq dövlət orqanlarına etdiyim şikayətlərdən sonra Şahin Əliyev mənə dəfələrlə hədə-qorxu gələrək, mənə dəyən zərəri heç bir halda ödəməyəcəyini bildirib. O həmçinin qeyd edir ki, özünün lazımi yerlərdəki dostları və maddi imkanı sayəsində bu məsələnin araşdırılmamasına və ümumiyyətlə heç bir şikayətə baxılmayacağına nail olacaq”.

Qeyd edək ki, ittihamlarla bağlı adıçəkilən iş adamı Şahin Əliyev “qafqazinfo.az”a açıqlama verib. O, səsləndirilən iddiaların reallığı əks etdirmədiyini bildirib:

“Bu məsələyə həm prokurorluqda, həm də polisdə baxılıb, araşdırılıb və heç bir qanunsuzluğun olmaması müəyyən edilərək rədd edilib. Onun məqsədi sadəcə bizdən müəyyən qədər pul çəkməkdir. Heç bir borc, heç bir öhdəlik və sair də mövcud deyil”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az