“2021–2022-ci ildən mənzil növbəsindəyəm. Ailə vəziyyətim çətindir, subayam və illərdir ev veriləcək günü gözləyirəm ki, ailə qura bilim. Evimiz yararsız vəziyyətdədir, torpaq evdə qalırıq və yaşayış üçün əlverişsizdir”.
Bu sözləri
Yeniavaz.com-a müraciət edən Şəmkir rayon sakini, Vətən müharibəsi qazisi Əzizov Ruslan Səməd oğlu deyib.
O bildirib ki, onurğasında qəlpə qaldığı üçün hərəkət məhdudiyyəti yaranıb:
“Dəfələrlə İcra Hakimiyyətinə məlumat vermişəm, görüşlərdə olmuşam, amma heç bir köməklik göstərilməyib. İcra başçısının köməkçisi mənə “Get evində sakit otur, nə vaxt çağırsaq, onda gələrsən” deyib və məni alçaldıb.
Bu qəlpə mən yaşadığım müddətdə bədənimdə qalacaq, yeriməyə və hərəkət etməyə çox mane olur. Çıxarılması da mümkün deyil, 95% iflic olma ehtimalım var. Həkim deyib ki, nə Azərbaycanda, nə də xaricdə əməliyyatı mümkün deyil. Onun oraya girib məni iflic etməməsi bir möcüzədir.
Hər yerə müraciət etmişəm. Evlə təmin olunmaq istəyirəm. Nə maşın istəyirəm, nə torpaq istəyirəm, sadəcə yaşamaq üçün ev istəyirəm — 1 otaq, 2 otaq, mənim üçün fərqi yoxdur. Yetim uşağam, nə atam, nə əmim yoxdur”.
Ruslan Əzizov bildirib ki, Prezident tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Ruslan Əzizov müharibə əlili kimi 2022-ci ildən “Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxslərin mənzil növbəsinə götürülməsinin qeydiyyatı jurnalı”nda növbəyə götürülüb və məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib:
“Ruslan Əzizovun mənzil sahəsi və ya fərdi yaşayış evi ilə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə baxılacaqdır.
Əlavə olaraq Ruslan Əzizov digər müharibə əlilləri kimi Şəmkir Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə əlamətdar günlərdə köməklik göstərilmiş və gələcəkdə də köməklik göstərilməsi nəzərdə tutulub”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az