Sumqayıt şəhərində “Yaşıl dərə” adlanan ərazidə yerləşən tunel çirkab sularla dolub. Nəticədə avtomobillərin hərəkətində ciddi çətinlik yaranıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Məlumata görə, problem ərazidən keçən Azərbaycan Dəmir Yollarına (ADY) məxsus nasos sistemində yaranmış nasazlıqdan qaynaqlanıb. Nasosların işləməməsi nəticəsində tuneldə suyun səviyyəsi yüksəlib və nəqliyyatın hərəkəti çətinləşib.
Məsələ ilə bağlı ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, ərazidə elektrik enerjisinin olmaması səbəbindən nasosların fəaliyyətində problem yaranıb. Onun sözlərinə görə, artıq ötən gün axşam saatlarından etibarən tuneldə toplanmış su kənarlaşdırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Lakin qurumun açıqlaması problemin yalnız texniki tərəfini izah edir. Əsas sual isə açıq qalır: Elektrik enerjisi kəsildiyi halda nasosların fəaliyyətinin dayanması və tunelin su altında qalması niyə əvvəlcədən nəzərə alınmayıb? Belə halların qarşısını almaq üçün alternativ enerji mənbələri və operativ müdaxilə mexanizmləri nəzərdə tutulmalı deyilmi?
Təəssüf ki, bu cür hadisələrdə məsuliyyətin müəyyənləşdirilməsi əvəzinə, problemin ayrı-ayrı qurumların səlahiyyət və öhdəlikləri arasında bölüşdürülməsi mənzərəsi yaranır. Üstəlik, problemin yalnız ictimailəşdirildikdən sonra aradan qaldırılması da diqqətdən kənarda qalmamalıdır.
Elektrik enerjisinin verilməməsi, nasosun sıradan çıxması və digər texniki səbəblər vətəndaşların gündəlik hərəkətinə mane olan problemin vaxtında həll edilməməsinə bəraət qazandıra bilməz. Əksinə, məhz belə hallar üçün qabaqlayıcı tədbirlər və operativ reaksiya sistemi olmalıdır.
Tuneldə çirkab suların toplanması təkcə nasosun işləməməsi məsələsi deyil. Bu, həm də ərazinin müvafiq xidmətlər tərəfindən nə dərəcədə mütəmadi yoxlanılması, suötürücü sistemlərin təmiz saxlanılması və texniki vəziyyətə nəzarətin necə təşkil olunmasını ilə bağlı suallar yaradıb.
Bizimesr.info