Əvəz Zeynallı haqda dünən yazdım və doğrusu, bu mövzuya yenidən qayıtmaq mənim üçün ağrılıdır.
Ancaq elə şeylər var ki, onlar haqqında susmaq olmur. Daha dəqiq ifadə etsəm, mən susa bilmirəm...
Dünən əksəriyyət Əvəzin ölümünə münasibət bildirdi və demək olar ki, çoxluq ona rəhmət oxudu. Xüsusilə də, hakimiyyətdən narazılar...
Amma hakimiyyəti dəstəkləyən və əsasən tezislə danışıb-yazanların da münasibətlərində tənqidi notlar, demək olar ki, görünmədi.
Fəqət susanlar da az olmadı...
Bu, əlbəttə, başadüşüləndir. Vəfat etmiş adam haqqında neqativ nəsə yazmaq və danışmaq cəmiyyətimizdə yaxşı qəbul olunmur. Bunu Əvəzi sevməyənlər, hətta iqtidar da anlayır. Ya tərifləməlisən, ya da susmalı...
Əksər münasibətləri, fikirləri diqqətlə oxuyub-dinlədim. Həm müxalifəti, həm narazıları, həm bitərəfləri, həm də hakimiyyət tərəfdarlarını...
Hər şeyə rəğmən Əvəz Zeynallıya münasibətin bütövlükdə müsbət olduğunu söyləmək olar. Elə bu səbəbdən də bu ovqata (müvəqqəti də olsa) qarşı çıxmaq heç də ağıllı davranış olmazdı. Hətta tənqid etdikləri, onu həbs edənlər, ondan şikayətçi olanlar üçün də...
Ocağa benzin tökmək təhlükəlidir...
Odur ki, hər zaman olduğu kimi bu dəfə də durumdan sui-istifadə edənlər, siyasi xal qazanmaq istəyənlər, manipulyasiya edənlər oldu və bu məsələdə baş rolda yenə də mühacirətdə olan blogerlər idi.
Bütün başlıqları oxusam da, yalnız Tural Sadıqlının çıxışını yarıya qədər dinləyə bildim.
Tural dedi ki, Əvəzi Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, ölkədə medianı kurasiya edən, “trolların başçısı” (ifadə Tural Sadıqlıya məxsusdur) Hikmət Hacıyev öldürdü. Elə belə də dedi...
İlk ağlıma gələn bu oldu ki, Tural Sadıqlı Hikmət Haciyevdən nəyinsə acığını çıxmağa çalışır. Amma sonra fikirləşdim ki, bəlkə də, belə təəssürat yaratmaq istəyir. Bunların bütün oyunlarını çözməkdə, açığı, acizəm...
Tural fikrini əsaslandırmaq üçün Əvəz Zeynallının bir çıxışına istinad etdi və bu uzun çıxışı tamaşaçılarına göstərdi. Mən də bir hissəsini dinlədim, ancaq mətləb aydın olduqdan sonra dayandırdım.
Əvəz Zeynallının çıxışının qısa məzmunu bundan ibarət idi ki, o, Şuşanı çox sevir, orada heç vaxt olmayıb və olmağı çox arzulayır. Ancaq jurnalistlərin Şuşa səfərinə dəvət olunmayıb və bunu həm özü, həm də əksər dostları böyük təəccüblə qarşılayıblar. Bu isə Hikmət Hacıyevin əl işidir, çünki siyahını o müəyyən edir. Daha sonra o, Hikmət Hacıyevi aşağılamağa çalışaraq, onun vaxtilə XİN-də qovluqdaşıyan işlədiyini xüsusi vurğulayırdı...
Təhqir, tənə, yanıqvermə ritorikasını xoşalmadığım, belə söhbətlərdən sıxıldığım, hətta utandığım üçün davamını dinləmədim.
Tural Sadıqlının dediyinə görə, Əvəz Zeynallını bu çıxışdan ay yarım sonra həbs ediblər və bu həbslə Hikmət Hacıyev ondan qisas alıb...
İstər-istəməz həmin həbsin detallarını xatırlamağa çalışdım və bəzi şeyləri yaddaşımda canlandırdım.
Bu hadisənin təfərrüatı siyasi cəhətdən fəal, mətbuatı izləyən hər kəsə məlumdur.
Əvəz Zeynallı 10 sentyabr 2022-ci ildə külli miqdarda rüşvət alma ittihamı ilə saxlanılmışdı. O, “Baku Steel Company”nin həbsdə olan rəhbəri Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadan vəkil Elçin Sadıqov vasitəsilə 20 min manat rüşvət almaqda günahlandırılırdı. Bu pulu almaqla Əvəz Zeynallının Rasim Məmmədov haqqında təhqiredici məlumatların yayılmasını dayandırmaq, həmçinin müsbət imic formalaşdıran verilişlər hazırlamaq öhdəliyi götürdüyü deyilirdi.
O zaman Eynulla Fətullayevin yaydığı səs yazısı məsələni təsdiqləyən dəlil rolu oynadı. Fətullayev sonradan məhkəmədə verdiyi ifadədə bildirmişdi ki, səs yazısını ona vəkil Elçin Sadıqov verib.
Bütün təfərrüatı bura yazmaq istəmirəm, istəyən İnternetdə axtarış verib tapa bilər.
O vaxt bu prosesi diqqətlə izləyib belə qənaətə gəldim ki, ittihamın doğruluq payı məntiqli görünür. Çünki məsələ ortada idi. Əvəz Zeynallını tanıdığımdan onun belə işlərdən pul qazanmaq şakərinə da bələd idim. Eyni zamanda o artıq bunabənzər bir işə görə həbsdə olmuşdu. Üstəlik vaxtilə mənim adımdan istifadə edərək Qənimət Zahidlə birlikdə belə bir “əməliyyat”da da iştirak etmişdi.
Bunlar hamısı yalan, şər-böhtan ola bilməzdi...
O, bahalı maşın sürür, TV redaksiyası saxlayırdı. Etiraf edək ki, tənqidçi jurnalistika nümayəndələrindən heç birində bu imkanlar yoxdur...
Amma Əvəz Zeynallının həbsində siyasi motiv olduğunu tam danmıram. Ola bilsin ki, rüşvətxorluq edə-edə sakit dayansaydı, yəni özünü dürüst, qəhrəman jurnalist kimi qələmə verib, hakimiyyətə qarşı tənqidi çıxışlar etməsəydi, həbs olunmazdı.
O bilməliydi ki, hakiml zümrələr belə şeyləri bağışlamır. “Həm məndən fərqin olmasın, həm də məni tənqid et” oyun qaydalarına ziddir. Rüşvət və korrupsiyada əli olanlar adətən hakimiyyəti tərifləyir, ona yaltaqlanırlar. Qayda belədir. Hakimiyyətin resursları, imkanları böyükdür, hər Əvəzkimi onu aldada bilsəydi, onda dövlət dövlət olmazdı ki. Əvəz isə türklər demişkən, həm suçlu, həm də güclü rolunu oynamaq istədi və özünü yandırdı.
Əvəz Zeynallını müdafiə edən adamların ən böyük arqumenti budur ki, milyonları yeyənlərə toxunan yoxdur, amma dolanışıq üçün beş-on min alanı həbs edirlər.
Bu qənaət həmişə doğru olmasa da, ilk baxışda müəyyən qədər həqiqi görünə bilər. Ancaq yalnız siyasətdən xəbərsiz olanlara. Məlumatlı insanlar çox gözəl bilir ki, yazılmamış qaydaları pozan məmur milyonçular da cəzadan yayına bilmir. Bunun kifayət qədər örnəyi var.
İkincisi, əgər dən yox, din davası, yal yox, yol davası aparırsansa, fərqli, düz adam olmalısan. Mübarizə apardıqlarından fərqlənməlisən. Bilməlisən ki, bu yolda, aclıq, məhrumiyyət, hətta səfalət var. Çünki əyrilərə əyri yolla qalib gələ bilməzsən. Ən böyük səbəb odur ki, onlar bu yolu səndən daha yaxşı, hətta mükəmməl bilirlər. Elə ona görə də, qalib gəlmək şansın yoxdur. Əvəzin məğlubiyyətinin əsas səbəbi bu təhlükəni görməməsi oldu.
Amma dürüst olsan, qalib gələ bilərsən, geci-tezi var. Özün qalib olmasan da, davamçıların bunu gerçəkləşdirər...
Əvəzin məğlubiyyəti təkcə onun yox, onu müdafiə edənlərin, onun yolunu davam etdirənlərin hamısının məğlubiyyətidir. Çünki bu yolda zəfər heç üfüqdə də görünmür...
Sizə hətta onu da deyə bilərəm ki, bu yol bizi idarə edənlərə boğazdan sərf edir. Çünki bu halda məğlub olmayacaqlarına tamamilə əmin olurlar. Onların əsas qorxusu düz adamlardandır...
Qayıdıram Turalın manipulyativ iddiasına. Yəni Hikmət Haciyevin bu həbsdə ehtimal olunan roluna.
Bilirsiz, əzizlər, çoxunuz Hikmət Hacıyevdən qabaq onun sələflərini tənqid edir, hər şeyi onların üstünə atırdınız. İndi onlar yoxdur, yəni artıq işləmir vəzifə tutmurlar. Amma adlar dəyişsə də, vəziyyət bir o qədər dəyişməyib. Köhnə hamam, köhnə tas da demək olar...
Hikmət Hacıyevi mən də dəfələrlə tənqid etmişəm. Elə sonuncu dəfə Tural Sadıqlıya “vətənə xəyanət necə gedir” deyəndə bir yazı yazaraq bu ritorikanı təqdir etmədiyimi bildirdim. Amma nədənsə buna görə məni tutan yoxdur. Nəinki həbs olunmaq təhlükəsi, heç bu məsələ ilə bağlı cüzi təzyiq də hiss etməmişəm...
Deməli, məsələ təkcə Hikmət Hacıyevlik deyil. Əgər həqiqəti tapmaq istəyirsinizsə, qlobal-lokal, mədəni-mental səbəbləri araşdırın, siyasi konyukturanı, sistemin mahiyyətini doğuran faktorlara diqqət edin. Hakimiyyət təmsilçilərini tənqid edəndə özünüzə, üsullarınıza, dəsti-xəttinizə, prioritetlərinizə baxın. Baxın görün, Hikmət Hacıyevdən dahamı yaxşı oğlansınız? Ondan dahamı vicdanlı, dürüst, ədalətlisiniz?
Məncə, yox. Hətta aşağıdasınız. Çünki hər kəs olduğu yerə layiqdir bu dünyada. Hikmət Hacıyevi üstələdiyiniz gün hakimiyyətdə siz olacaqsınız. Görək nə vaxtsa üstələyə biləcəksinizmi. Bu yolla çətin...
Nadir Qocabəyli