Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 7-də Şəki rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı oktyabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı oktyabrın 7-də 08:00-da DİN Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.