Mərkəzi Bankın yaratdığı Maliyyə Savadlılığı Portalında yerləşdirilən bəzi hekayələrdə vətəndaşlara başqalarına kömək etməkdən çəkinməyi təlqin edən ifadələr yer alıb.
Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bankın bizimpullar.cbar.az internet səhifəsindəki “Maraqlı Əhvalatlar” bölməsində 29 yaşlı, Ayxan adlı şəxsin başına gələn bir əhvalat “Heç kəsə yazığınız gəlməsin” başlığı ilə yayımlanıb.
Yazıda bildirilir ki, elektronika mağazasında administrator işləyən şəxs qızına cehiz almaq istəyən, 60 yaşlarında bir qadına kredit götürmək üçün zamin durub. Mağazanın kredit departamenti həmin qadına kredit verilməsini məsləhət görməsə də, administrator qadının vəziyyətinə acıyaraq onun xahişini qəbul edib.
Lakin bir müddət sonra qadın kreditin yarısını ödəməyib. Nəticədə zamin olan şəxs məhkəmə çəkişmələri ilə üzləşib.
Yazının sonunda isə oxuculara belə bir mesaj verilir: “Filankəsin işi məhkəməyə düşüb” kimi özünüz haqda xoşagəlməz söz-söhbətin yaranmaması üçün məcbur olub həmin pulu ödəyirsiniz. Ona görə də heç kəsə yazığınız gəlməsin. Həyatda daim rasional olmağa çalışın və heç bir vaxt bunu unutmayın”.

Portalda zaminliklə bağlı başqa bir hekayədə də oxşar yanaşma müşahidə edilir.
“Zaminlik” adlı yazıda Xumar adlı vətəndaş bir müəlliməyə zamin durmasından bəhs edir. Müəllif bildirir ki, zamin olduğu şəxs kredit öhdəliyini yerinə yetirmədiyindən o, bir neçə ay ərzində 800 manat ödəməli olub. Hekayədə müəllif həmin qərarını belə qiymətləndirir: “Təəssüf ki, mən köməyə getməyə üstünlük verdim”. Göründüyü kimi, bu yazıda, bir insana kömək etmək qərarı sonradan maliyyə itkisi ilə nəticələndiyi üçün peşmanlıq doğuran seçim kimi təqdim olunur.
“İnsanların bir-birinə yardım etməsi cəmiyyətin mühüm mənəvi dəyərlərindəndir”
Bəs, görəsən, maliyyə savadlılığı ilə bağlı maarifləndirici platformada yerləşdirilən bu cür tövsiyələr nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, konkret bir şəxsin yaşadığı xoşagəlməz təcrübədən çıxarılan nəticəni ümumiləşdirərək insanlara tövsiyə kimi təqdim etmək yanlışdır:
“Şübhəsiz ki, kredit götürərkən və ya başqa bir şəxsə zamin durarkən riskləri düzgün qiymətləndirmək vacibdir. Zaminlik sadəcə formal imza deyil. Borcalan öhdəliklərini yerinə yetirmədikdə, zamin də müqavilənin şərtlərindən və qanunvericilikdən asılı olaraq maliyyə məsuliyyəti daşıya bilər. Buna görə də vətəndaşlar zamin durmazdan əvvəl mümkün nəticələri öyrənməli, öz ödəmə qabiliyyətlərini nəzərə almalıdırlar.
Lakin maliyyə riskləri barədə xəbərdarlıq etmək başqa, insanlara ümumiyyətlə heç kimə yazıqlarının gəlməməsini tövsiyə etmək başqadır.
İnsanların bir-birinə yardım etməsi, çətin vəziyyətdə olan şəxslərə dəstək göstərməsi cəmiyyətin mühüm mənəvi dəyərlərindəndir. Ayrı-ayrı şəxslərin etibarından sui-istifadə edilməsi isə bu dəyərlərin özünü deyil, risklərin düzgün qiymətləndirilməməsini və öhdəliklərə məsuliyyətsiz yanaşılmasını gündəmə gətirməlidir”.
Ekspert hesab edir ki, Mərkəzi Bankın yaratdığı maliyyə savadlılığı platformasının əsas məqsədi vətəndaşlara maliyyə qərarlarını daha düzgün verməyi öyrətməkdirsə, belə hekayələrdən çıxarılan nəticələr də dəqiq və balanslı olmalıdır:
“Oxucuya zaminliyin hansı risklər daşıdığı, müqavilə bağlayarkən nələrə diqqət etməli olduğu və özünü mümkün maliyyə itkilərindən necə qorumalı olduğu izah edilə bilər.
Nəticə etibarilə, bir insana kömək etməyin maliyyə itkisi ilə nəticələnməsi heç kimə kömək etməmək üçün əsas deyil. Əsas məsələ kömək edərkən riskləri anlamaq və düşünülmüş qərar verməkdir”.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az