Qusar rayonunun ərazisindən keçən Vəlvələ çayında qum-çınqıl hasilatı ilə bağlı ciddi iddialar yayılıb.
Bizimesr.com bildirir ki, yerli sakinlər bildirir ki, çay yatağında aparılan "istismar işləri" nəticəsində təbii tarazlığın pozulduğu, çayın ekosisteminə ciddi zərər dəydiyi deyilir.
Məlumatlarda qeyd edilir ki, Vəlvələ çayı son illərdə müxtəlif şirkətlər tərəfindən qum-çınqıl çıxarılması məqsədilə istismar edilir. İddialara görə, çay yatağından normadan artıq qum və çınqıl götürülməsi çayın təbii axınına təsir göstərib, bəzi ərazilərdə yatağın dəyişməsinə və ətraf mühit problemlərinin yaranmasına səbəb olub.
Sakinlərin bildirdiyinə görə, Qusar bölgəsi üçün mühüm su mənbələrindən biri hesab edilən Vəlvələ çayında aparılan bu qanunsuz fəaliyyətlər kənd təsərrüfatına, su ehtiyatlarına və bölgənin biomüxtəlifliyinə mənfi təsir göstərməyə başlayıb.
Yayılan məlumatlarda qum-çınqıl hasilatı ilə məşğul olan bəzi şirkətlərin - o cümlədən “Azvirt” və “Falkon” MMC-lərin adları hallanır. İddia olunur ki, həmin şirkətlərin çay yatağında apardığı fəaliyyətlər ekoloji tələblərə tamamilə ziddir.
Əraziyə nəzarəti həyata keçirməli olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəhbərliyi isə bu problemlərin yaranmasına əsas verən şəxs kimi göstərilir. Məlumata görə, İdarə rəisi Elnur Cəlilovun baş verənlərdən xəbəri var.
Qeyd edək ki, çay yataqlarından qanunsuz və ya nəzarətsiz qum-çınqıl çıxarılması su axınlarının dəyişməsinə, torpaq eroziyasına və təbii landşaftın pozulmasına səbəb ola bilər.
Sakinlər aidiyyəti dövlət qurumlarından Vəlvələ çayında aparılan işlərin araşdırılmasını, hasilat fəaliyyətlərinin qanuniliyinin yoxlanılmasını və ekoloji tələblərin pozulması faktları müəyyən edilərsə, məsul şəxslər barəsində tədbir görülməsini tələb ediblər.
Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.com