Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) sədrliyi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafına və iqlim təşəbbüslərinin dəstəklənməsinə yönələcək.
Bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Mütəllim Mirzəyev "Asharq Al-Awsat"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, prioritetlər sırasında, həmçinin elm və innovasiyaların inkişafı, gənclərin imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məsələləri yer alır. Diplomat vurğulayıb ki, bütün bunlar qlobal sabitliyin maraqlarına uyğundur.
Səudiyyə Ərəbistanı ilə ikitərəfli əlaqələrin inkişafından danışan səfir vurğulayıb ki, Azərbaycana gələn səudiyyəli turistlərin sayının artması sayəsində turizm ikitərəfli münasibətlərin getdikcə daha vacib tərkib hissəsinə çevrilir.
"Səudiyyə Ərəbistanına dostluğa, həmrəyliyə və sıx əməkdaşlığa görə səmimi minnətdarlığımı bildirmək istərdim", - Mirzəyev bəyan edib.
O, Krallıqda baş verən dəyişiklikləri yüksək qiymətləndirib və vurğulayıb ki, "Saudi Vision 2030" proqramı çərçivəsində həyata keçirilən iddialı islahatlar və inkişaf təşəbbüsləri dayanıqlı inkişafa, iqtisadiyyatın diversifikasiyasına, regional sabitliyə və rifahın artmasına əhəmiyyətli töhfə verir.
Səfir əlavə edib ki, Azərbaycan Krallığın Azərbaycanın suverenliyinə prinsipial dəstəyini yüksək qiymətləndirir və regionun aparıcı ölkələrindən biri kimi Səudiyyə Ərəbistanı ilə münasibətlərə böyük əhəmiyyət verir.
Mirzəyev, həmçinin Azərbaycanın gələcəyə yönəlmiş baxışını təsdiq edib və azad edilmiş ərazilərdə davam edən genişmiqyaslı bərpa və inkişaf işlərinə diqqət çəkib.
Onun sözlərinə görə, bu ərazilərdə şəhər və kəndlər müasir şəhərsalma prinsiplərinə, "ağıllı şəhər" konsepsiyasına, "yaşıl" enerjinin istifadəsinə və dayanıqlı inkişaf standartlarına uyğun olaraq yenidən tikilir.