Sizin reklam burada 728×90
Son dəqiqə

Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir

23.11.2026 11:45 28 1 dəq oxunur
Səfikürd nasos stansiyasında boru xəttinin təmirinə ayrılan milyonlar həm də kimlərinsə həzm-rabesindən keçir
“Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən Səfikürd nasos stansiyasının I pilləsindəki təzyiqli boru xəttinin (D=1020×10 mm, L=1,4 km) əsaslı təmiri üzrə 09.09.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “LUXURY BUİLDİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 949.746,36 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 20.11.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, Regional Su Meliorasiya Xidməti Səfikürd nasos stansiyasının I pilləsindəki təzyiqli boru xəttinin (D=1020×10 mm, L=0,4 km) əsaslı təmiri üzrə bir müqavilə də 12.01.2026-cı ildə “SUTİKİNTİ -TƏMİR” MMC ilə bağlayıb. Bu müqavilənin dəyəri 265.517,99 manat təşkil edib.
Satınalmaların portalında müqavilənin icrasına başlanma tarixi 05.12.2025-ci il, birtmə tarixi 30.12.2025-ci il göstərilir. Qeyd edək ki, zərflərin açılış tarixi 10.10.2025-ci ildə olub. Amma Regional Su Meliorasiya Xidmət müqavilənin 12.01.2026-cı ildə bağlanıldığını açıqlayıb. İşin icrasına isə cəmi 25 gün vaxt ayrılıb.
Bundan əlavə “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsə tabeli Goranboy Suvarma Sistemləri İdarəsi 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 08.10.2024-cü ildə “Dostluq H-EL” MMC ilə 309.997,2 manat dəyərində müqavilə bağlayıb.
Goranboy Suvarma Sistemləri İdarəsi 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020 x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə bir müqavilə də 08.12.2023-cü ildə bağlayıb. “SUTİKİNTİ-TƏMİR” MMC ilə bağlanan bu müqavilənin dəyəri 216.400 manat təşkil edib.
Medianın 21-06-2023-cü ildə yaydığı məlumata görə Goranboy Suvarma Sistemləri İdarəsinin 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020 x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə dəyəri 209 min 192 manat olan tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Meliorasiya İdarəsi (VÖEN – 2900497561) olub.
Göründüyü kimi Regional Su Meliorasiya Xidməti və ona tabeli Goranboy Suvarma Sistemləri tərəfindən 2023-cü ilin iyunundan bu günə Səfikürd nasos stansiyasının 1-ci pilləsində boru xəttinin təmiri işləri üzrə ümumi dəyəri 1 950 852 manat olan 5 satınalama müqaviləsi bağlanılıb.
Regional Su Meliorasiya Xidməti və ona tabeli Goranboy Suvarma Sistemlərinin işbirliyində olduğu MMC-lərə gəlincə.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “LUXURY BUİLDİNG” (VÖEN: 1805803911) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, BAKIXANOV ŞTQ, FİKRƏT TAĞIYEV (BAKIXANOV QƏS.), ev.3, m.0, qanuni təmsilçisinin isə Davidov Yaşar David oğlu olduğu qeyd edilib. MMC-nin ilk qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğlu olub. Qaraşova Sürəyya İsa qızı da müəyyən vaxtlarda MMC-nin qanuni təmsilçisi olub.
İlk qanuni təmsilçi olan Binnətov Rəmzi Rüfət oğlu həmçinin 2018-ci ildə qeydiyyata alınmış “Xezer-Construction” MMC-nin hazırda qanuni təmsilçisidir. Mediada yayılan məlumatlara görə Rəmzi Binnətov Vətən müharibəsi iştirakçısıdır. 2021-ci ildə Yevlax Gənclər Evinin “Facebook” səhifəsində paylaşılan məlumatda bildirilir ki, “Post-travmatik stress pozuntusu” mövzusunda sosial-psixoloq Yusifli Əhməd Murad oğlunun təqdimatında Rəmzi Binnətova “Zoom” proqramı vasitəsi ilə psixoloji yardım göstərilib.
Bu məlumatlar “LUXURY BUİLDİNG” MMC-nin bu tenderdə formal olaraq qalib seçildiyini, əslində isə arxasında daha güclü şəxslərin durduğu “Xezer-Construction” MMC-nin olduğunu deməyə əsaslar verir.
Göründüyü kimi “LUXURY BUİLDİNG” MMC 2022-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. MMC-nin analoji işlərdə təcrübəsi ilə bağlı satınalmaıların portalında heç bir məlumat yoxdur. 2022-ci ildə yaradılmış MMC 2026-cı ildə Regional Su Meliorasiya Xidmətinin keçirdiyi iki tenderin qalibi seçilib.
Maraqlıdır, Regional Su Meliorasiya Xidmətinin Satınalma Komissiyası “LUXURY BUİLDİNG” MMC-dən satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması meyarında son 3 il müddətində neçə müqavilə tələb edib? Qalib MMC tərəfindən icra edilmiş və ya icrasının 80 faizdən çoxu tamamlanmış cari satınalma predmetinə oxşar neçə müqavilə təqdim edilib?
“LUXURY BUİLDİNG” MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığın və təcrübənin olması barədə təqdim edilmiş müqavilələrin 80%-dən çoxunun tamamlanmış olduğunu təsdiq edən əsaslandırıcı sənədləri çətin olsun. Çünki MMC-nin analoji işlərlə bağlı heç bir tenderin qalibi olmayıb. Sual yaranır. Onda bu MMC milyon manat dəyəri olan analoji işləri harada görüb? Çox güman ki, MMC Regional Su Meliorasiya Xidmətinin qeyri-leqal işlərini həyata keçirib.
“SUTİKİNTİ-TƏMİR” MMC-yə gəlincə Regional Su Meliorasiya Xidməti və ona tabeli idarələrlə daim işbirliyindədir. Son illər bu şirkət milyonlarla manat dəyərində tenderlərin qalibi olub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SUTİKİNTİ -TƏMİR” (VÖEN: 3600214611) Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.01.2008-ci il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının AĞSTAFA RAYONU, QIRLI, qanuni təmsilçisi kimi isə İsmayılov Ərəsdun Fərhad oğlu qeyd olunub. MMC-nin hazırkı günə 147 601.06 manat vergi borcu var.
Goranboy Suvarma Sistemləri İdarəsinin 309 min manat dəyərində müqavilə bağladığı “Dostluq H-EL” MMC də şübhəli şirkətlərdəndir. Bu şirkətin də analoji işlərdə təcrübəsi barədə heç bir məlumat yoxdur.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “DOSTLUQ H – EL” (VÖEN: 2007644391) Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev.4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisinin isə Məmmədov Hikmət Hüseyn oğlu olduğu qeyd edilib.
“Gənc Mühasiblər” İctimai Birliyinin üzvü, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Babayev Mehdi Nadir oğlu uzun müddət MMC-nin qanuni təmsilçisi olub.
Göründüyü kimi Regional Su Meliorasiya Xidməti və ona tabeli Goranboy Suvarma Sistemləri İdarəsi Səfikürd nasos stansiyasının 1-ci pilləsində boru xəttinin təmiri işləri üzrə üç il ərzində şübhəli şirkətlərin iştirakı ilə iki milyon manata yaxın dövlət vəsaiti xərcləyib. Maraqlıdır, Səfikürd nasos stansiyasının 1-ci pilləsindəki boru xəttində nə kimi problem var ki, son üç ildir büdcədən yüzminlərlə manat vəsait ayrılmasına baxmayaraq düzəlmir?
Goranboy Suvarma Sistemləri İdarəsi özünün “Facebook” səhifəsində hələ 2024-cü ilin yanvarında 3 pilləli Səfikürd nasos stansiyasının 350 metr məsafədə erroziyaya uğramış boru xəttinin yenisi ilə əvəzləndiyi barədə foto-məlumat verib. Sual yaranır. 2024-cü ilin oktyabrından bu günə ayrılan milyonlar nə üçündür?
Belə çıxır ki, bu vəsaitlərin çoxu Səfikürd nasos stansiyasının boru xəttinin təmirindən daha çox Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Regional Su Meliorasiya Xidmətinin rəsmilərinin həzm-rabesindən keçir.
Xatırladaq ki, Regional Su Meliorasiya Xidmətinin rəisi uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Aktualinfo.net
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az