Sizin reklam burada 728×90
Son dəqiqə

Bakının mərkəzində "yaşıl soyqırım": yenə Əsabil Qasımovun adı... - ÖZBAŞINALIQ!

12.11.2026 18:29 71 1 dəq oxunur
Bakının mərkəzində "yaşıl soyqırım": yenə Əsabil Qasımovun adı... - ÖZBAŞINALIQ!
Sabiq deputat Əsabil Qasımovun adı növbəti dəfə özbaşınalıq, vətəndaş hüquqlarının pozulması və ekoloji terror qalmaqalında hallanır. Belə ki, "VİALON" MMC Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsindəki kvartalda fəaliyyətə başlayana qədər bu ərazidə yüzlərlə ağac mövcud olub. İndi isə həmin ərazidə cəmi iki tək ağac qalıb. Baxmayaraq ki, vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ərazidəki ağacların birkalanması həyata keçirilib, bu tədbirlər belə orada törədilən "yaşıl soyqırım"ın qarşısını ala bilməyib. Vaxtilə Ramiz Mehdiyevin nüfuzundan istifadə edərək Bakının ən cəlbedici ərazilərində layihələr həyata keçirən və sakinlərin kütləvi narazılığına səbəb olan bu şəbəkənin qanunsuz əməllərinin fəsadları bu gün də aradan qaldırılmayıb.

Musavat.com redaksiyasına daxil olan müraciətdə Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanın sakinləri - İsmayılov Cavid İsmayıl oğlu və Ağayev Ramin Əhməd oğlu tikinti şirkətinin qanunsuz əməllərindən təngə gəldiklərini bildirirlər. Sakinlərin sözlərinə görə, paylı mülkiyyətlərində olan evin küçə boyu ərazisi "VİALON" MMC tərəfindən zəbt edilərək ətrafına dəmir hasar çəkilib. Məsələ ilə bağlı dövlət qurumlarına edilən müraciətlər zamanı bəlli olub ki, ərazi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə "VİALON" MMC-yə icarəyə verildiyi üçün həmin dəmir qurğular ucaldılıb.

Sakinlərin uzunmüddətli hüquqi mübarizəsi nəticəsində məhkəmə ədalətli qərar çıxarıb. Bakı Şəhər İcra Hakimiyyətinin Ağadadaş Qurbanov 23 saylı evin ərazisinə dair çıxardığı sərəncam və "VİALON" MMC ilə bağlanmış icarə müqaviləsi bütün məhkəmə instansiyalarında etibarsız hesab edilib və qərar qanuni qüvvəsini alıb. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarına baxmayaraq, tikinti şirkəti ərazini boşaltmaqdan və dəmir hasarları sökməkdən imtina edir. Sakinlər öz mülklərinin önündə faktiki olaraq "dəmir mühasirə" şəraitində yaşamağa məcbur edilir.

Şikayətçilər rəsmi olaraq "VİALON" MMC-nin rəhbərliyinə (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75) müraciət edərək qanunsuz çəkilmiş dəmir hasarın təcili sökülməsini və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edirlər.

Sakinlər bildirir ki, aidiyyəti dövlət qurumlarını - o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyini və icra strukturlarını həm törədilmiş ekoloji cinayətə hüquqi qiymət verməyə, həm də məhkəmə qərarının icrasını təmin etməyə çağırırlar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az