Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqini nəzərdə tutan dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Bununla bağlı "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə" 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.
Sənəddə vurğulanıb ki, məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən əmək pensiyaları sistemi sığorta prinsipləri, yəni şəxsin topladığı pensiya kapitalı əsasında pensiya məbləğinin formalaşması mexanizmi əsasında fəaliyyət göstərir. Bu məqsədlə son 20 ildə mərhələli şəkildə əvvəlcə pensiya təminatının, sonra isə pensiyaların artırılmasının şəxsin əmək haqqı ilə əlaqəsi ləğv edilmiş, pensiya məbləğinin toplanmış pensiya kapitalı əsasında müəyyən edilməsinə, pensiyaların artırılmasının isə vahid - indeksasiya metodu əsasında həyata keçirilməsinə başlanılıb.
Bu yanaşmanın tətbiqi pensiyaçıların sosial rifahının güclənməsinə səbəb olmuş, minimum və orta pensiya məbləğlərinin mütəmadi artırılması üçün təminat yaradıb, habelə dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının möhkəmlənməsinə müsbət təsir edib.
Bununla belə, əmək pensiyaları sistemində sosial sığorta prinsiplərinə əsaslanmayan, pensiyaya çıxarkən əmək haqlarına bağlı olan ödənişlər qalmaqdadır ki, bu da dövlət sektorunda əmək haqqı islahatlarının həyata keçirilməsinə maneələr yaradır və qeyri-bərabər pensiya məbləğlərinin formalaşmasına səbəb olur.
Bu xüsusda sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Məhz növbəti addım olaraq, dövlət sektorunda həyata keçirilən əmək haqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, dövlət qulluqçularının pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakıları özündə ehtiva edir:
Qeyd olunduğu kimi, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiya məbləğləri fərdi şəxsi hesablarında topladıqları pensiya kapitalına deyil, əmək haqqındakı sonrakı artımlara əsaslanır ki, nəticədə toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşır.
Hesablamalar göstərir ki, əmək haqqı artımları kifayət qədər pensiya kapitalı toplamağa imkan verir.
Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə dövlət məvacibi (əmək haqqı) arasındakı əlaqə aradan qaldırılır və fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşır. Sığorta mexanizmi gücləndirilməklə bu şəxslərə fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalına əsasən ümumi əsaslarla pensiya təyin edilərək ödənilməsi davam edəcək. Pensiya məbləği ilə yanaşı indiki qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, aylıq pensiya əlavəsinin verilməsi təmin ediləcək.
Beləliklə, dövlət qulluqçularına aylıq pensiya əlavəsinin məbləği inzibati təsnifat üzrə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin üzvlərinə isə konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.
Təklif olunan islahatla dövlət qulluqçularının pensiya təminatında qeyri-bərabərlik aradan qalxacaq. Pensiya və pensiya əlavəsinin proaktiv təyinatı imkanı yaranacaq, sözügedən şəxslər inzibati orqanlara müraciət etmədən elektron şəkildə pensiya təyinatı həyata keçiriləcək.
Sənədə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminə təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakı şəkildə izah edilir:
Məlum olduğu kimi, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır. Dövlət qulluqçularında olduğu kimi hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır.
Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.
Eyni zamanda, pensiya məbləği ilə yanaşı mövcud qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajına görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.
Layihədə vurğulanıb ki, əmək pensiyalarının və pensiya kapitallarının indeksləşmə mexanizminin təkmilləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərin mahiyyəti aşağıdakı kimi izah edilir:
Hazırda təyin olunmuş əmək pensiyaları məbləğindən asılı olmayaraq, hər il ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq bərabər qaydada indeksləşdirilir. Eyni zamanda sığortaolunanların fərdi şəxsi hesablarında qeydə alınan pensiya kapitalları ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.
Mövcud mexanizm yüksək pensiya alan şəxslərin pensiya məbləğlərinin daha böyük sürətlə artmasına səbəb olur. Bu səbəbdən əmək pensiyalarının məbləğinin və pensiya kapitallarının vahid rəqəmlə deyil, diferensial formada indeksləşdirilməsi təklif olunur.
İslahat nəticəsində yüksək pensiyalara və yüksək pensiya kapitallarına fərqli yanaşılacaq, aşağı məbləğdə pensiyalar və pensiya kapitalları isə əvvəlki kimi tam məbləğdə indeksləşdiriləcək.
Sənəddə vurğulanıb ki, qeyd olunan dəyişikliklər nəticəsində dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığı daha da güclənəcək, aşağı məbləğli pensiyaların artmasına, o cümlədən minimum pensiya məbləğlərinə mütəmadi olaraq yenidən baxılması və artırılmasına imkan verəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az