Sizin reklam burada 728×90
Son dəqiqə

Bu şərtlərlə kənd təsərrüfatı inkişaf edərmi? - NAZİRİN NƏZƏRİNƏ...

14.11.2026 10:36 108 1 dəq oxunur
Bu şərtlərlə kənd təsərrüfatı inkişaf edərmi? - NAZİRİN NƏZƏRİNƏ...
Ölkədə sahibkar olmağın yükü çəkilməzdir. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olanlar böyük sınaqlarla üz-üzə qalır. Gələn il uzun müddətin güzəştləri ləğv olunacaq, fermerlər daha böyük xərcə düşəcək. Üstəlik, bürokratik çətinliklərlə qarşılaşmaq da lazım gəlir.

Bizimyol.info
xəbər verir ki, pambıqçı fermerlər hələ də məhsulun pulunu ala bilməyib. Aylardır bunun mübarizəsi gedir. Salyan, İmişli, Ağcabədi və Beyləqandan olan 200-yə yaxın təsərrüfatçı çətin vəziyyətdə qalıb. Pambıq tədarükçüsü olan şirkətlər fermerləri incidir. Daha çox “Azərtəsərrüfat” MMC-nin adı çəkilir. Tədarükçü şirkətlər Kənd Təsərrüfatı Nazirliyinin tövsiyələrini də qulaqardına vurur.

Fermerlərin dərdi təkcə vəsaiti almamaq deyil. Onların böyük bank öhdəlikləri var. Kreditlər ödənmir, üstəlik, pulsuzluqdan dolanışıq qayğıları artır. Bank hekayəsində gecikmələr növbəti mövsümlərdə özünü göstərir. Maliyyə müəssisələri etibarsızlıq nümayiş etdirir. İndi hər hansı tədarükçü şirkətin məsuliyyətsizliyi gələcəkdə fermeri pulsuz qoyur.

Başqa məsələ də var. Təsərrüfatçı indidən gələn mövsüm haqqında düşünməlidir. Bunun tədarükü görülməlidir. Böyük vəsait xərclənib. İndi gəlir götürmək, borcları ödəmək vaxtı idi. Sonra gələn mövsümün cizgiləri cızılmalıdır. Amma fermerlər şirkətlərin pilləkənlərində nə vaxt müsbət cavab veriləcəyini gözləyir.

Kənd Təsərrüfatı Nazirliyi təzə-köhnə mövqe ortaya qoyub. Bununla təsəlli tapmaq olmur. Çünki nazirlik üzərinə düşənin yaxşı yerinə yetirdiyini bildirir. Açıqlamada qeyd olunub ki, dövlət pambıqçılığın subsidiyalaşdırılmasını və dəstəyi həyata keçirir, lakin qalan məbləğin, yəni məhsulun dəyərinin fermerə ödənilməsi müqaviləyə əsasən tədarükçü şirkətin birbaşa öhdəliyidir. Fermerlərə məhkəməyə müraciət etmək tövsiyə olunur. Bu isə işi bir az da uzadır.

Proses yaxşılığa doğru getmir. Fermer halal pulunu niyə bu yolla almağa çalışmalıdır? Bu şərtlərlə kənd təsərrüfatı inkişaf edərmi? İnsanlar torpaqdan uzaq düşür. Məsələyə ən yüksək səviyyədə müdaxilə olunmalıdır. Təsərrüfatçı insanlar belə sınaqlarla üz-üzə qalmamalıdır.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az