Peşə Təhsili Agentliyi ilə bağlı redaksiyaya daxil olan məlumatlar səngimək bilmir. Dövlətin son illərdə böyük maliyyə dəstəyi ayırdığı, müasir infrastrukturun yaradıldığı və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının prioritet elan edildiyi peşə təhsili sistemində ciddi problemlərin və narazılıqların davam etdiyi bildirilir.
Bizimesr.com-a daxil olan məlumatlar göstərir ki, sistem daxilində kadr siyasəti, ştat bölgüsü, işə qəbul prosedurları və idarəetmə ilə bağlı uzun illərdir həllini tapmayan problemlər yeni rəhbərliyin – Direktor İlqar Bayramlının zamanında da mövcuddur.
Qəribə odur ki, bu problemlərlə bağlı çoxsaylı müraciətlərə, narazılıqlara baxmayaraq, aidiyyəti qurum hər hansı ciddi addımlar atmaqda tələsmir və prosesi elə olduğu kimi saxlamaqda maraqlı görünür.
Boş ştatlar niyə illərlə saxlanılır?
Daxil olan məlumata görə, uzun illərdir Peşə Mərkəzlərində və müəssisələrdə boş ştat yerləri saxlanılır. Hər il böyük pullar xərclənərək keçirilən imtahanlardan sonra qabarıq şəkildə özünü göstərən yerləşdirmə ilə bağlı narazılıqlar heç bir nəticə vermir və eyni vəziyyətin bu il də davam edəcəyi gözlənilir.
Peşə mərkəzlərində, rayon və şəhər peşə təhsili müəssisələrində onlarla boş ştat yerləri olmasına baxmayaraq, direktorlara bu ştatları açmağa bu il də icazə verilməyəcəyi deyilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoruna göndərilən müraciətlərə cavab verilmir və bu ştatların hansı məqsədlə saxlanıldığı ilə bağlı suallar illərdir cavabsız qalır.
Bu gün ali təhsilli, bacarıqlı insanların iş axtardığı bir zamanda bu qədər boş ştat yerlərinin İnsan Resursları və Hüquq Sektoru tərəfindən hansı məqsədlə sıxılıb saxlanıldığı çoxlarına bəlli deyil. Əvəzində isə peşə təhsil müəssisələri müəllim və istehsalat təlimi ustalarına ehtiyac duyduqları halda, boş ştat yerlərinin açılmaması həm tədris prosesinə, həm də iş axtaran şəxslərin məşğulluq imkanlarına birbaşa təsir göstərir.
Əslində bu prosesin başqa səbəblərinin olduğu iddia olunur.
Bildirilir ki, Agentlik ilə geniş (?) əlaqələri olan, oradakı rəhbər şəxslərlə, eyni zamanda İnsan Resursları və Hüquq Sektoru müdiri Murad Məmmədovla, şöbə müdirləri və müavinlərlə (?) yaxın olan bəzi direktorlar bu vəziyyətdən yararlana bilir. Bu barədə növbəti yazılarda ətraflı məlumat verəcəyik.
İmtahanlardan keçənlər niyə kənarda qalır?
Bildiyimiz kimi, hər il peşə məktəblərinə müəllim və usta imtahanları təşkil edilir. Hər dəfə böyük narazılıqla yadda qalan bu imtahanlardan sonra müqavilə ilə, yəni imtahanda iştirak etməyən, bal toplamayan, müsabiqədən keçməyən şəxslərin 1 illik müqavilə ilə işə qəbul edilməsi halları hər il artır. İmtahandan keçən şəxslərin əksəriyyəti isə müxtəlif səbəbli və ya səbəbsiz kənarda saxlanılır və bu proses o qədər sürətli və "incə" aparılır ki, narazılar itib-batır, haqqını istəyənlərə "qəbula yazılın" cavabı verilir və beləliklə 3–4 ay vaxt udularaq, məsələ itib gedir.
Əvəzetmələrdə maaşlar hara gedir?
Peşə Agentliyində baş verdiyi iddia edilən daha bir qəribə hal isə əvəzetmələrlə bağlıdır. Redaksiyaya daxil olan məlumata görə, Peşə Agentliyinin rəhbərliyi və İnsan Resursları və Hüquq Sektoru tərəfindən direktor və direktor müavini postları müxtəlif şəxslərə həvalə olunur. Bu normal haldır və olması mümkündür. Amma anormal olan budur ki, buna görə vəzifəni icra edən şəxsə bir manat da əməkhaqqı verilmir. Əməkhaqqı hesablanmır və əmr ictimai əsaslarla verilir. Bu hansı qanuni ədalətdir və bu vəzifə maaşına görə ayrılmış pul hara xərclənir? Ümumiyyətlə, bu hansı standartlarla həyata keçirilir? Əvəzedicilərə niyə əməkhaqqı verilmir?
Əgər həqiqətən də əvəzetmə həyata keçirilirsə və həmin şəxs iki yük daşıyırsa, bu zaman həmin vəzifəyə görə nəzərdə tutulan vəsaiti niyə ala bilmir? İnsanları nədən əlavə işlədirlər və buna görə niyə əməkhaqqı ödənilmir? Dövlət qurumunda belə hallar hansı qanunun tələbi sayıla bilər?
Direktorlar formal rəhbərə çevriliblər?
İddia olunur ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İnsan Resursları və Hüquq Sektoru rəhbərliyinin göstərişi ilə direktorların bütün səlahiyyətləri əlindən alınıb. Heç bir direktor onun icazəsi olmadan xadiməni belə müəssisəyə işə götürə və ya işdən çıxara bilməz. Heç bir addım ata bilməz və bütün addımlar icazə ilə olmalıdır. Müraciətlərə isə ümumiyyətlə cavab verilmir.
Bu kimi səlahiyyətsizlik, direktorları aşağı görmələr onların məktəbləri idarə etmək funksiyasını əlindən tamamilə alıb və onları hörmətsiz bir şəxsə çevirib. Məktəbin rəhbəri öz müəssisəsində elementar kadr qərarları verə bilmirsə, adi bir addımı belə Agentlikdən icazə almadan ata bilmirsə, onun rəhbər kimi funksiyası nədən ibarətdir?