Ağsu şəhərində sahibkarın elektrik enerjisinə qoşulmaqla bağlı müraciəti ətrafında ciddi suallar yaranıb. Şikayətçi bildirir ki, ətrafdakı obyektlərin elektrik enerjisi ilə təmin olunmasına baxmayaraq, onun obyektinə sayğac quraşdırılması müxtəlif səbəblərlə mümkün sayılmır.
Ağsu şəhəri, Üzeyir Hacıbəyov küçəsində bərbərxana işlədən Nəbiyev Rüstəm Zaid oğlu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirir. Onun sözlərinə görə, obyektin elektrik enerjisi ilə təmin olunması üçün portal üzərindən müraciət edib. Müraciət EQTSA17851651031888 nömrəsi ilə qeydə alınıb, obyektə aid qeydiyyat nömrəsinin isə 2917000018, reyestr nömrəsinin 409013039579-06301 olduğunu qeyd edir.
Şikayətçinin iddiasına görə, müraciətdən sonra telefonuna qeydiyyatdan keçmə ilə bağlı SMS daxil olsa da, sonradan obyektlə elektrik xətti arasında cəmi 3-4 metr məsafə olduğu halda, xəttin mühafizə zonasının pozulması əsas gətirilərək elektrik enerjisinin verilməsindən imtina edilib.
Burada isə əsas sual ortaya çıxır: əgər sözügedən obyekt həqiqətən elektrik xəttinin mühafizə zonasına düşürsə, həmin ərazidə yerləşən digər obyektlər hansı əsasla elektrik enerjisi ilə təmin olunub?
Rüstəm Nəbiyev bildirir ki, ətrafındakı obyektlərə sayğaclar quraşdırılıb və onlar elektrik enerjisindən istifadə edirlər. Onun obyektinə münasibətdə isə eyni imkanın yaradılmaması sahibkar üçün anlaşılmaz olaraq qalır.
Şikayətçinin narazılığı təkcə elektrik enerjisinin verilməməsi ilə bağlı deyil. O, xüsusilə aidiyyəti qurumların bir-birinə zidd görünən mövqeyinə diqqət çəkir. Əgər obyektin fəaliyyətinə və sənədlərinə müvafiq qurumlar tərəfindən icazələr verilibsə, elektrik enerjisi ilə təminat məsələsində hansı hüquqi və texniki əsasla imtina edildiyi açıq şəkildə izah edilməlidir.
Məsələnin digər diqqətçəkən tərəfi isə sahibkarın sosial vəziyyətlə bağlı müraciətidir. O bildirir ki, obyektinin işıqla təmin olunmaması nəticəsində dolanışıq mənbəyindən məhrum vəziyyətdə qalır və bu vəziyyət ailəsinin maddi durumuna da təsir edir.
“Cənab Prezident dəfələrlə çıxışlarında sahibkarları incitməməyə çağırıb. Amma mən səbəbsiz yerə incidilirəm”, – deyə sahibkar müraciətində bildirir.
Əlbəttə, burada məqsəd hər hansı qurumu əvvəlcədən günahlandırmaq deyil. Əsas məsələ elektrik enerjisinə qoşulmadan imtinanın hüquqi və texniki əsaslarının ictimaiyyətə açıqlanmasıdır. Əgər mühafizə zonası tələbi varsa, bunun konkret ölçüləri, tətbiq qaydası və həmin ərazidə digər obyektlərin necə elektriklə təmin edildiyi izah olunmalıdır.
Çünki “qanun belədir” deməklə məsələ bitmir. Qanun hamıya eyni tətbiq olunmalıdır. Bir obyekt üçün təhlükə və ya mühafizə zonası məsələsi əsas gətirilirsə, eyni ərazidə yerləşən digər obyektlərə münasibətdə bunun necə tətbiq edildiyi də araşdırılmalıdır.
“Özgəyə çatan işıq niyə bu sahibkara çatmır?” sualına isə xüsusilə Energetika Nazirliyi və “Azərişıq” ASC tərəfindən aydın cavab verilməsi gözlənilir.
BNTV olaraq bildiririk ki, sahibkarın səsləndirdiyi iddiaların obyektiv araşdırılması və məsələyə aidiyyəti qurumların münasibətinin öyrənilməsi vacibdir. Əgər imtinanın qanuni əsası varsa, həmin əsas ictimaiyyətə açıqlanmalıdır. Əks halda, sahibkarın iddia etdiyi kimi, eyni ərazidə fəaliyyət göstərən obyektlər arasında fərqli münasibətin səbəbləri ciddi suallar doğurur.
Çünki bir məsələni unutmaq olmaz: “Qanun hamı üçün birdirsə, işıq da hamıya eyni meyarla verilməlidir.”
BnTv.az