Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakültəsinin bir qrup əməkdaşının Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətdə universitet rəhbərliyi ilə bağlı son dərəcə ciddi iddialar səsləndirilib. Müraciətdə bildirilir ki, vaxtilə aqrar təhsil sahəsində nümunəvi maddi-texniki bazaya, laboratoriyalara və elmi potensiala malik olan universitetdə son illər idarəetmə, tədris və struktur islahatları ilə bağlı ciddi problemlər yaranıb.
Əməkdaşların müraciətində əsas tənqid hədəfi universitetin rektoru Zəfər Qurbanov və prorektor Əhməd Məlikovdur. Müəlliflər iddia edirlər ki, universitetdə bir sıra mühüm qərarlar sahə mütəxəssislərinin rəyi nəzərə alınmadan qəbul olunur, fakültə və kafedraların birləşdirilməsi zamanı ixtisas uyğunluğu gözlənilmir, nəticədə aqrar təhsilin əsas istiqamətləri zəiflədilir.
Müraciətdə daha bir diqqətçəkən iddia rektorun universitetdə daimi olmaması ilə bağlıdır. Əməkdaşların sözlərinə görə, Zəfər Qurbanov Gəncədə yerləşən ali məktəbin idarə edilməsinin böyük hissəsini prorektor Əhməd Məlikova həvalə edib və universitetdə bir sıra proseslər faktiki olaraq onun nəzarəti altında həyata keçirilir.
Prezidentə ünvanlanan müraciətdə universitetin vivariumunun bağlanması, fermadakı heyvanların satılması, laboratoriya və tədris bazasının zəiflədilməsi, anatomiya muzeyində olan eksponatların vəziyyəti ilə bağlı da ağır ittihamlar yer alıb. Müraciət müəllifləri hesab edirlər ki, xüsusilə Baytarlıq təbabəti kimi praktiki tədris tələb edən bir ixtisas üçün canlı laboratoriyanın, reaktivlərin, heyvanların və praktik avadanlıqların olmaması gələcək baytar həkimlərin hazırlanmasına ciddi zərbə vurur.
Ən ciddi narazılıqlardan biri laboratoriya məşğələlərinin təşkili ilə bağlıdır. Fakültə əməkdaşları bildirirlər ki, laboratoriya dərslərində tələbə sayının 30 nəfərdən az olmaması barədə yanaşma tətbiq olunur. Onların fikrincə, belə şəraitdə tələbələrin hər birinin praktiki bacarıq qazanması faktiki olaraq mümkünsüzdür.
Müraciətdə fakültə rəhbərliyində aparılmış dəyişikliklərlə bağlı da suallar qaldırılır. Keçmiş dekan Şəlalə Zeynalovanın vəzifədən uzaqlaşdırılması, professor Mirzə Əliyevin cəmi bir neçə ay sonra dekanlıqdan kənarlaşdırılması, daha sonra vəzifənin dosent Dursun Adıgözəlovaya həvalə edilməsi əməkdaşlar tərəfindən təsadüfi proses kimi qiymətləndirilmir.
Professor Mirzə Əliyevin uzaqlaşdırılması ilə bağlı müraciətdə xüsusilə ciddi bir iddia səsləndirilir. Bildirilir ki, istehsalat təcrübəsi keçməli olan Türkiyə vətəndaşı tələbələrdən 2000–2500 manat civarında vəsait alındığı, onların isə faktiki təcrübədə iştirak etmədən Türkiyəyə getdiyi iddia olunur. Müraciət müəllifləri bu məsələni müvafiq dövlət qurumlarının araşdırmasının mümkün olduğunu bildirirlər. Bu iddia son dərəcə ağır xarakter daşıdığından hüquq-mühafizə və təhsil qurumlarının ayrıca araşdırma aparması zəruri görünür.
Əməkdaşların narazılığı bununla da bitmir. Müraciətdə universitetdə kafedraların birləşdirilməsi zamanı elm və ixtisas prinsiplərinin deyil, fərdi münasibətlərin əsas götürüldüyü iddia edilir. Riyaziyyat və fizika istiqamətlərinin informasiya texnologiyaları ilə, müxtəlif mühəndislik ixtisaslarının isə uyğun olmayan aqrar istiqamətlərlə birləşdirilməsi buna nümunə kimi göstərilir.
Müraciətdə Əhməd Məlikov və Elay Zeynallının Dövlət İmtahan Komissiyası sədrlərinə ödəniş məsələsi ilə bağlı mövqeləri də tənqid olunur. Fakültə əməkdaşları bildirirlər ki, başqa ali məktəblərdən dəvət edilən, diplom müdafiələrində iştirak edən alim və mütəxəssislərin əməyinin qarşılığının verilməməsi gələcəkdə bu prosesin normal təşkilini təhlükə altına ata bilər. Onların iddiasına görə, məsuliyyətin “bu pulları Zəfər Qurbanov vermir” kimi ifadələrlə konkret şəxsin üzərinə yönəldilməsi universitet daxilində əlavə gərginlik yaradır.
Bütün bu iddialar fonunda əsas sual artıq universitet daxilindəki adi kadr narazılığı deyil. Söhbət ölkənin ən qədim aqrar ali məktəblərindən birində tədrisin keyfiyyəti, dövlət tərəfindən yaradılan maddi-texniki bazanın taleyi, praktiki təhsilin səviyyəsi, struktur qərarlarının qanuniliyi və mümkün maliyyə pozuntuları barədə iddialardan gedir.
Müraciət müəllifləri Prezident İlham Əliyevdən Azərbaycan Dövlət Aqrar Universitetində baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasını, universitetin fəaliyyətinə ciddi dövlət nəzarətinin təmin edilməsini istəyirlər.
Redaksiya olaraq qeyd edirik ki, müraciətdə səsləndirilən bütün ittihamlar müəlliflərin iddialarıdır və onların hüquqi baxımdan təsdiqlənməsi üçün rəsmi araşdırma tələb olunur. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovun, prorektor Əhməd Məlikovun, Elay Zeynallının və adı çəkilən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ancaq bir məsələ aydındır: əgər ölkənin aqrar təhsilinin əsas mərkəzlərindən biri barədə universitet əməkdaşları Prezidentə qədər gedib çıxan bu qədər ağır iddialar səsləndirirlərsə, artıq susmaq deyil, cavab vermək zamanıdır.
Azərbaycan Dövlət Aqrar Universitetində həqiqətən nə baş verir? Dövlətin milyonlarla vəsait hesabına yaratdığı laboratoriyalar, elmi baza və tədris infrastrukturu hansı vəziyyətdədir? Fakültə və kafedralar hansı meyarlarla birləşdirilir? Təcrübə və imtahan proseslərində səsləndirilən maliyyə iddiaları araşdırılıbmı?
Bu suallara cavab verməli olan ünvanlar isə bəllidir: Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi və Elm və Təhsil Nazirliyi.