Bir müddətdir xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AID Group” şirkəti ilə bağlı səsləndirilən şikayətlər və narazılıqlar səngimək bilmir. Şirkətin fəaliyyəti ilə əlaqədar hüquq-mühafizə orqanlarının araşdırma aparması və bu araşdırma çərçivəsində həbs qərarının verilməsi məsələnin artıq sadəcə müştəri–şirkət mübahisəsi olmadığını göstərir.
Yayılan məlumatlara görə, məsələ “AID Group”un fəaliyyəti ilə bağlı aparılan araşdırmadan qaynaqlanır. Hüquq-mühafizə orqanlarının ilkin araşdırmasının nəticəsi olaraq Samir Yəhyazadənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.
Məhkəmə qərarı ilə Samir Yəhyazadə barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçildiyi qeyd olunur.
Məlumatlarda həmçinin “AID Group”un təsisçisi Nigar Fərhad və onun anası Arzu Əliyevanın da dindirildiyi, onlarla bağlı araşdırmanın davam etdiyi bildirilir.
Təbii ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya barəsində həbs qətimkan tədbirinin seçilməsi onun təqsirinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməsi demək deyil. Son hüquqi qiyməti məhkəmə verməlidir.
Şirkət araşdırılırsa, müştəriyə “fəaliyyət bərpa olunacaq” vədini kim verir?
Məsələnin ən diqqətçəkən tərəfi isə bütün bunların fonunda “AID Group” adından müştərilərə göndərilən mesajlardır.
Türkiyədə yaşayan azərbaycanlı xanımın redaksiyamıza təqdim etdiyi yazışmada “AID Group” adından açıq şəkildə bildirilir:
> “Hazırda şirkətin fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. İnşallah, yaxın günlərdə şirkətin fəaliyyəti bərpa olunacaq və öz işini əvvəlki kimi yüksək səviyyədə davam etdirəcəkdir.”
Burada çox sadə, amma olduqca ciddi bir sual meydana çıxır: hüquq-mühafizə orqanlarının araşdırdığı şirkətin fəaliyyətinin “yaxın günlərdə bərpa olunacağına” kim və hansı hüquqi əsasa söykənərək təminat verir?
Şikayətçi xanımın sözlərinə görə, ona Kanadada təhsillə bağlı üzərinə götürülmüş xidmətin həyata keçirilə bilməyəcəyi artıq şifahi şəkildə bildirilib. Belə olan halda vətəndaşın tələbi də aydındır: xidmət göstərilmirsə, ödənilən pul geri qaytarılmalıdır.
Amma təqdim olunan yazışmada vəsaitin hansı tarixdə qaytarılacağına dair konkret cavab əvəzinə şirkətin gələcəkdə fəaliyyətini bərpa edəcəyindən danışılır.
Bu cavabın pulunu tələb edən vətəndaşı gözlətmək və vaxt qazanmaq məqsədi daşıyıb-daşımadığı araşdırılmalıdır. Çünki şirkətin gələcək fəaliyyəti ilə artıq göstərilməyəcəyi bildirilən xidmətə görə alınmış pulun geri qaytarılması tamamilə ayrı məsələlərdir.
Nigar Fərhad və Arzu Əliyeva ilə bağlı araşdırma
Yayılan məlumatlara əsasən, şirkətin təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da istintaq çərçivəsində dindirilib.
Redaksiyamıza etibarlı mənbələrdən daxil olan, lakin istintaq orqanları tərəfindən hələ rəsmi şəkildə təsdiqlənməyən məlumatlarda isə Arzu Əliyevanın imzası ilə rəsmiləşdirilmiş bəzi sənədlərin həqiqətən onun tərəfindən imzalanıb-imzalanmadığına dair sualların yarandığı iddia edilir.
Mənbələrin iddiasına görə, Arzu Əliyeva şirkətdə direktor kimi göstərilsə də, şirkətin gündəlik fəaliyyətində iştirakı ilə sənədlər üzərindəki hüquqi məsuliyyəti arasında uyğunsuzluqlar ola bilər.
Əgər belə bir iddia mövcuddursa, cavabı ehtimallarla deyil, istintaq və ekspertiza ilə müəyyən edilməlidir: müqavilələrdəki imzalar kimə məxsusdur, sənədləri kim hazırlayıb, ödənişlərin qəbuluna və müqavilələrin bağlanmasına faktiki olaraq kim göstəriş verib?
Bəs mətbuat katibi Peyman Sadıqov niyə danışmır?
Baş verənlər fonunda şirkətin ictimaiyyətlə əlaqələrinə cavabdeh şəxslərin mövqeyi də xüsusi əhəmiyyət daşıyır.
“AID Group”un mətbuat katibi kimi təqdim edilən Peyman Sadıqovun şirkətdən daha əvvəl ayrılması barədə məlumat yayması, lakin şirkətin fəaliyyəti ilə bağlı indiki ciddi iddialar fonunda ətraflı açıqlama verməməsi əlavə suallar yaradır.
Əgər Peyman Sadıqov hadisələr başlamazdan əvvəl şirkətlə əmək münasibətlərinə son qoyubsa, bunun dəqiq tarixi və həmin dövrdə şirkətdə hansı funksiyaları yerinə yetirdiyi açıqlana bilər. Əgər onun artıq şirkətlə heç bir əlaqəsi yoxdursa, bu da ictimaiyyətə konkret şəkildə bildirilməlidir.
Çünki hazırda əsas sual cavabsızdır: “AID Group” adından vətəndaşlara kim yazır və fəaliyyətin tezliklə bərpa ediləcəyinə kim təminat verir?
Şikayətçilərin qarşısına konkret ödəniş planı qoyulmalıdır
“AID Group” xaricdə təhsil sahəsində uzun müddət fəaliyyət göstərmiş şirkətlərdən biri kimi təqdim olunub. Şirkətin təsisçisi Nigar Fərhad müxtəlif televiziya layihələrində aparıcı kimi fəaliyyət göstərib. Onun Harvard Universitetində təhsil aldığı barədə məlumat da öz təqdimatlarında yer alıb. Həbs edilən Samir Yəhyazadənin isə əsasən ABŞ-ın Nyu-York şəhərində yaşadığı və İT sahəsində çalışdığı bildirilir.
Lakin bütün bunlar hazırda müştəriləri maraqlandıran əsas suala cavab vermir:
Pul haradadır və xidmət göstərilməyən vətəndaşlara nə zaman qaytarılacaq?
Şirkətin nüfuzu, rəhbər şəxslərin təhsili, televiziyada tanınması və ya gələcəkdə fəaliyyətin bərpa ediləcəyi barədə verilən vədlər xidmət ala bilməyən müştərinin pulunun taleyini izah etmir.
Əgər şirkətin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılırsa, vətəndaşlara qeyri-müəyyən vədlər vermək əvəzinə onların ödənişlərinin hüquqi vəziyyəti barədə konkret məlumat təqdim olunması daha doğru olardı.
İndi “AID Group” qarşısında duran əsas məsələ “yenidən fəaliyyətə başlayacağıq” mesajı vermək deyil, xidmət ala bilmədiyini bildirən vətəndaşların pullarının taleyinə aydınlıq gətirməkdir.
Redaksiya olaraq Samir Yəhyazadə, Nigar Fərhad, Arzu Əliyeva, Peyman Sadıqov və “AID Group”un mövqeyini dərc etməyə hazırıq. Yazıda istintaqla və digər şəxslərlə bağlı məqamlar açıq mənbələrdə yayılan məlumatlar və redaksiyaya təqdim olunan iddialar əsasında qeyd edilir; təqsirlilik yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunur.