Naxçıvanın davamlı sosial-iqtisadi inkişafı və ölkənin ümumi inkişaf proseslərinə daha sıx inteqrasiyası daim xüsusi diqqət mərkəzində olub. Bu hədəfə çatılması "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" əsasında həyata keçirilir.
Həyata keçirilmiş tədbir nəticəsində müsbət dinamika qeydə alınıb. Belə ki, 2023-cü illə müqayisədə 2025-ci ildə muxtar respublikanın ümumi daxili məhsulu (ÜDM) real ifadədə 7,6 %, sənaye istehsalı 4,6 %, nəqliyyat və anbar təsərrüfatı 25,7 %, informasiya və rabitə sahəsi isə 2,1 % artıb. Hesabat dövründə əsas kapitala investisiyalar 2,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri real ifadədə 2,1 dəfə artıb.
Naxçıvanda yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindən biri sahibkarlığın maliyyə resurslarına çıxışının genişləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılmasıdır. 2023-cü ildən 2026-cı ilin ilk altı ayı da daxil olmaqla Naxçıvanda Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 342 sahibkarlıq layihəsi maliyyələşdirilib, bu məqsədlə müvəkkil bank və bank olmayan kredit təşkilatları vasitəsilə ümumilikdə 27,2 milyon manat güzəştli kredit verilib. Layihə sayının sürətlə artması fonunda bir layihəyə düşən orta kredit məbləğinin azalması güzəştli maliyyələşmənin daha geniş sahibkar təbəqəsini əhatə etdiyini, xüsusilə kiçik və orta sahibkarlığın, ailə təsərrüfatlarının dəstəklənməsinin gücləndiyini göstərir.
Sənayenin təşviqi investisiya cəlbediciliyini artırır
Naxçıvan iqtisadiyyatının dayanıqlığının təmin olunmasının mühüm elementi sənaye istehsalının genişləndirilməsidir. Bu, eyni zamanda regionun investisiya potensialının artırılmasına dəstəkləyici təsirə malikdir. Bu strateji baxışın reallaşdırılması yönündə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Sumqayıt Sənaye Parkından sonra ən böyük sənaye zonası olacaq Naxçıvan Sənaye Parkının yaradılması mühüm əhəmiyyət kəsb edir. Ötən gün dövlət başçısının iştirakı ilə Parkın təməli qoyulub. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən Park 310 hektar ərazini əhatə edəcək. Onun fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Artıq Parka potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır. Bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Prezident İlham Əliyevin ötən gün qeyd etdiyi kimi təkcə bir stansiya Naxçıvanın generasiya gücünü 1,5 dəfə artıracaq: "Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir".
Enerji dayanıqlılığı strateji hədəfə çevrilir
Regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda Naxçıvanın enerji təhlükəsizliyi daha aktual xarakter almaqdadır. Dövlət başçısının bildirdiyi kimi, elə etmək lazımdır ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın. Naxçıvanın enerji təminatının şaxələndirilməsi və müasir enerji infrastrukturunun formalaşdırılması yönündə ardıcıl və sistemli dövlət siyasəti həyata keçirilir. Burada bir çox su və Günəş elektrik stansiyaları, modul tipli elektrik stansiyası inşa edilib. Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq "Naxçıvan", 154/110/10 kV-luq "Babək", Culfa rayonunda 132/110/10 kV-luq "Culfa" və Babək rayonunda 110/35/10 kV-luq "Çeşməbasar" elektrik yarımstansiyalarının inşası başa çatdırılıb və 400/330/110 kV-luq "Naxçıvan çevirici qovşaq" yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır, habelə gücü 36 MVt olan "Ordubad" və 15,6 MVt olan "Tivi" su elektrik stansiyalarının inşası davam etdirilir.
Prezident İlham Əliyevin dediyi kimi, Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Ümumiyyətlə aparılan monitorinq və dəqiq təhlillər Naxçıvanın Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan olduğunu göstərir. Ümumilikdə Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi üçün bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.
Hazırda Naxçıvan şəhərində ümumi gücü 50 MVt olan "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyaları inşa edilir. 25 MVt-lıq "Şəms 1" layihəsi üzrə artıq 10 MVt gücündə Günəş panellərinin quraşdırılması başa çatdırılıb. Tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. "Qərbi Üfüq" Günəş Elektrik Stansiyasının inşası ilə bağlı topoqrafik işlər artıq tamamlanıb, geoloji tədqiqat işləri isə davam edir. Cari ilin sonunadək tikinti işlərinə başlanılması nəzərdə tutulur. Stansiyanın istismara verilməsindən sonra illik təxminən 61 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq və bu, 21 minə yaxın ev təsərrüfatının enerji ilə təmin olunmasına imkan verəcək. Dövlət başçısı hesab edir ki, təkcə günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər.
Yeni aqrar inkişaf modeli
Su ehtiyatlarının tükənməsi ilə bağlı qlobal miqyasda cərəyan edən proseslər ölkəmiz üçün də aktualdır. Bu ölkəmizin məhdud su ehtiyatlarına malik olması ilə bağlıdır. Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 %-i ölkə ərazisində formalaşır, 70 %-i isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişilmələrinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Naxçıvanın təbii-coğrafi xüsusiyyətləri nəzərə alınmaqla su təhlükəsizliyinin təmin edilməsi, mövcud su ehtiyatlarından səmərəli istifadə, su itkilərinin azaldılması və müasir suvarma infrastrukturunun yaradılması mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən fəaliyyət "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" ilə müəyyən olunub. Görüləcək tədbirlər yalnız ayrı-ayrı su təsərrüfatı obyektlərinin bərpasını nəzərdə tutmur. Eyni zamanda su mənbəyindən istehlakçıya qədər bütöv su idarəetmə zəncirinin yenilənməsi planlaşdırılır. Bu, Naxçıvanda su təhlükəsizliyinin uzunmüddətli əsaslarının formalaşdırılmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət etməklə yanaşı həm də kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə vermiş olacaq. Prezidentin dediyi kimi, bu gün suvarılmayan torpaqlara su veriləcək.
Belə ki, su təhlükəsizliyinin gücləndirilməsi ilə paralel olaraq muxtar respublikanın zəngin kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılması, aqrar sektorun modernləşdirilməsi və müasir istehsal modellərinin tətbiqi istiqamətində də strateji hədəflər müəyyən edilib. Belə ki, 2026-cı il 20 may tarixində imzalanmış Sərəncamla kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqrama əsasən, pilot layihə məhz muxtar respublikada həyata keçiriləcək və dövlət dəstəyi ilə bir model kooperativ yaradılacaq. Proqram çərçivəsində eyni zamanda, süd, ət, qoyunçuluq və digər istiqamətlər üzrə aqrar məhsul istehsalı kooperativlərinin və onların ittifaqlarının yaradılması və fəaliyyətinin dəstəklənməsi nəzərdə tutur. Gözlənilir ki, bu yanaşma kiçik torpaq sahiblərinin bazara çıxış imkanlarının genişləndirilməsinə və emal zəncirinin gücləndirilməsinə xidmət edəcək.
Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək
Regionda həyata keçirilən mühüm nəqliyyat layihələri Naxçıvanın strateji əhəmiyyəti artıracaq. Əsas ticarət yolları və logistika xətlərinin buradan keçməsi Naxçıvan üzərindən böyük həcmdə yüklərin keçəcəyi anlamına gəlir. Burada əhəmiyyətli rol ölkə başçısının təşəbbüsü ilə ərsəyə gələn Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu -TRIPP) layihəsinin üzərinə düşür. Sözügedən layihə çərçivəsində muxtar respublikanın dəmir yolları yenidən qurulur. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır. Tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun, o cümlədən 10 stansiyanın, 3 platformanın, 29 körpü, 11 yolötürücünün və müxtəlif keçidlərin inşası və yenidən qurulması nəzərdə tutulur. Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb, Salamməlik stansiyasından başlayaraq 700 metrlik hissədə yeni rels-şpal çərçivələri quraşdırılıb.
Naxçıvanda yenidən qurulmaqda olan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşması nəzərdə tutulur. Eyni zamanda, bu marşrut Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını yaradacaq. Yeni bağlantı Orta Dəhlizin imkanlarını genişləndirməklə Avropa və Asiya arasında yük daşımalarının inkişafına, Türkiyə və Avropanın bazarlarına çıxışın gücləndirilməsinə töhfə verəcək. Eyni zamanda Zəngəzur dəhlizi Şimal–Cənub nəqliyyat marşrutu ilə bağlantı baxımından da strateji əhəmiyyət daşıyacaq. Bu, Naxçıvana üçün Mərkəzi Asiya Avropanı birləşdirən, 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilmək perspektivini vəd edir. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək.
Prezident İlham Əliyevin bu gün imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamla bölgəyə 258 milyon manat vəsait ayrılıb. Həmin vəsaitdən təkcə Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsinə 66 milyon manat xərclənəcək. Ümumilikdə ayrılmış vəsait Naxçıvanın infrastruktur bazasını möhkəmləndirəcək, məşğulluğu artıracaq, əhalinin həyat səviyyəsini yüksəldəcək və muxtar respublikanın ölkənin ümumi inkişafına töhfəsini daha da gücləndirəcək. Bu qərar dövlət başçısının regionların tarazlı inkişafı siyasətinin və Naxçıvana xüsusi diqqətinin konkret təzahürüdür.
Görünən odur ki, Naxçıvanda yeni elektrik stansiyalarının tikintisi, Naxçıvan Sənaye Parkının yaradılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, aqrar sektorun davamlı inkişafının təmin olunması, eləcə də muxtar respublikanın paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası muxtar respublikanın milli iqtisadiyyata inteqrasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirməklə yanaşı, onu ümumi iqtisadi inkişafda əhəmiyyətli pay sahibi edəcək.(Report)